Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

46 yaşında Bakı Ali Neft Məktəbini seçdi

46 yaşında Bakı Ali Neft Məktəbini seçdi

Tarix: 24 Sentyabr 2020 18:08

Bu il Bakı Ali Neft Məktəbinə Biznesin idarəedilməsi (MBA) proqramı üzrə qəbul olan 50
tələbədən biri də Sarxan Mikayılovdur. 1974-cü il təvəllüdlü Sarxan Mikayılov tələbə yoldaşlarının
hamısından yaşca böyükdür. 24 il sonra yenidən təhsil almaq istəyinə səbəb çox sürətlə inkişaf
edən elmi texniki tərəqqi və daimi dəyişən dünya reallıqları ilə ayaqlaşmaq istəyidir. O hesab edir
ki, müasir insan yaşından asılı olmayaraq öz üzərində işləməli, biliklərini təkmilləşdirməli, lazım
gəldikdə yeni biliklərə yiyələnməkdən çəkinməməlidir.

1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat və kibernetika" fakültəsini
qırmızı diplomla bitirən S.Mikayılov hazırda Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan "Azre
Təkrarsığorta" ASC-də Aktuar departamentin direktoru - Məsul aktuari vəzifəsində çalışır.
2011-2015-ci illlərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Aktuarlar
Assosasiyasının dəstəyi ilə keçirilən altı mərhələdən ibarət olan "Aktuari kursları"nı
müvəffəqiyyətlə başa vurub. 15 illik iş karyerası müxtəlif biznes sahələrini (İT və proqramlaşdırma,
metallurgiya, poliqrafiya) əhatə edir. 2011-ci ildən isə sığorta sahəsində fəaliyyət göstərir.
"Karyeramın geri qalan illərini bisnes sahəsində fəaliyyət göstərən şirkətlərin idarəedici
orqanlarında təmsil olunmağı, çalışacağım yerə daha çox fayda verməyi və əlbəttə öz biliklərimi
daha da təkmilləşdirməyi düşünürəm. Bunun üçün əvvəlki iş təcrübələrimə nə qədər güvənsəm də
"Biznes idarəetməsi" üzrə təhsilim olmadığından yenidən təhsil almaq qərarına gəldim. Hesab
edirəm ki, idarəetmə nə qədər təcrübə və bacarıqlara əsaslansa da, müasir dövrümüzdə nəzəri
biliklərsiz faydalı nəticə əldə etmək, hədəfə çatmaq çox çətindir. BANM-dəki təhsildən əsas
gözləntim MBA proqramında tədris olunan fənlərin yüksək səviyyədə tədris olunmasıdır. Bu
mənim nəzəri biliklərimin artmasına, təcrübi biliklərimin isə daha da sistemləşməsinə öz töhfəsini
verəcəkdir".

Bakı Ali Neft Məktəbini seçmə səbəbinə gəlincə, o bildirib ki, Bakı Ali Neft Məktəbi ölkədə
fəaliyyət göstərən və beynəlxalq standartların tələblərinə cavab verən ali məktəblərin ilk üçlüyündə
təmsil olunur.
"Mənim məqsədim də daha keyfiyyətli təhsil almaq olduğundan Bakı Ali Neft Məktəbində
təhsil almağa qərar verdim", - S.Mikayılov qeyd edib.


Etiketlər:  yaşında Bakı Neft Məktəbini seçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ