Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2019 17:04
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Qol.az-a müsahibə verib. Azərbaycan Premyer Liqasının 26-cı turunda “Qəbələ” ilə keçirəcəkləri vacib oyundan danışan mütəxəssis haqqında yayılan istefa xəbərlərinə də aydınlıq gətirib.
- “Səbail”i bu tur evdə “Qəbələ” ilə vacib oyun gözləyir. Komandada vəziyyət necədir və bu görüşdən nə gözləyirsiniz?
- Bilirik ki, mövsüm bəlkə də ən vacib oyunudur. Uzun müddətdir, qərarlaşdığımız mövqeyə görə “Qəbələ” ilə mübarizə aparırıq. Son tura kimi digər rəqiblər də 3-cü yerə iddia edirdilər. Amma hazırda əsas namizədlər “Qəbələ” və “Səbail”dir. Bu amil qarşıdakı oyunu daha da maraqlı edir. Hazırlığımız normal qaydada davam edir. Xüsusi bir şey yoxdur. Daha ciddi, daha məsuliyyətli oynamaq istəyirik. Oyunda hər səhv bizə baha başa gələ bilər. Futbolçuları gərginlikdə saxlamaq istəmirik.
- Evdə oynayacağınızı, “Qəbələ”nin dünən kubokda “Qarabağ”la ağır oyundan sonra yorğun olacağını və hazırda turnir cədvəlindən rəqibdən 2 xal öndə olduğunuzu nəzərə alsaq, demək olarmı ki, üstünlük hardasa “Səbail”in tərəfindədir?
- Yox, mən belə deməzdim. Çünki bu oyunla hələ heç nə həll olunmayacaq. Lap qalib gəlsək belə, hələ 2 oyun olacaq. Bizi qarşıda “Qarabağ”la çətin matç gözləyir. “Qəbələ”nin “Neftçi” ilə görüşü daha asan olacaq, nəinki bizim “Qarabağ”la səfər oyunumuz. Düşünmürəm ki, Avroliqaya vəsiqə baxımından bu tur nəsə həll olunacaq. Amma hər iki komanda üçün çox əhəmiyyətli oyundur. İki xal öndə olmağımızı psixoloji baxımdan üstünlük saymaq olar. Ancaq nəzərə alaq ki, “Qəbələ” son oyunda “Qarabağ”a qarşı yaxşı təsir bağışladı və qələbə qazandı. Bizim oyuna da yaxşı əhval-ruhiyyədə gələcəklər.
- Sizi qarşıdakı oyunda hansı nəticə qane edəcək?
- Əlbəttə, məğlub olmaq istəmirik. Çünki bu nəticə yenə də bizi rəqibdən irəlidə saxlayacaq. Ən azı uduzmamalıyıq. Amma o demək deyil ki, sırf müdafiə olunacağıq. Hücum planında da müəyyən şeyləri daha da yaxşılaşdırmaq istəyirik.
- Vacib oyunöncəsi komandada hər hansı itki varmı?
- Essyen 2 gündür məşq etmir. Ayaq barmağında ağrı var. Butsu geyinə bilmir. Xroniki ağrıdır, indi üzə çıxıb. Həkimlər məşq etməyinə icazə vermirlər. Müalicəsi davam edir. Oyun gününə kimi düzəlib-düzəlməyəcəyi bilinmir. Nə vaxt qayıdacağına həkimlər qərar verəcəklər. Hər şey sağalma prosesindən asılıdır. Kevin Kubembada da ağrı var. Amma bu gün komanda ilə məşqə çıxacaq. “Qəbələ” ilə matçda meydana çıxıb-çıxmayacağını oyun günü dəqiq deyə bilərik. Tome Kitanovski də oynamayacaq. Çünki cəzalıdır.
- Essyenin ümumi durumu necə, sizi qane edirmi? Nə vaxt tam hazır olacaq və ona daha çox şans verəcəksiniz?
- Bilirsiniz ki, davamlı məşqlərini etsə də, ilyarıma yaxın futbol oynamayıb. Amma Essyenin adı bizə kifayət edir. Böyük təcrübəsi var. Artıq 1 aydır bizimlədir. Adaptasiya dövrünü çox yaxşı keçir. Bacardıqca ondan öz oyunlarımızda istifadə etməyə çalışırıq. Bunu edirik ki, daha tez özünə gəlsin. Ancaq bu, hər dəfə biz istədiyimiz kimi olmur. Hazırda ayağında ağrı var. Düşünürəm ki, tez bir zamanda ondan tam olaraq istifadə etməyə başlayacaq, start heyətdə meydana buraxacağıq. Ola bilər ki, bu mövsüm çatdırmayaq. Amma gələn mövsüm Essyendən səmərəli istifadə edəcəyik.
- “Səbail”lə müqaviləniz mövsümün sonuna qədərdir. Yeni sözləşmə ilə bağlı rəhbərlikdən təklif almısınız?
- Bəli, müqaviləm yaya qədərdir. Amma rəhbərliklə danışıb, yeni mövsümdə müddəti uzatmaq şərtilə. Hazırda əsas fikrimi komandanın nəticələrinə, son oyunlara yönəltmişəm. Bundan sonra tək mən yox, ümumiyyətlə, bütün məsələlər barədə rəhbərliklə söhbətimiz olacaq.
- Son vaxtlar bəzi xəbərlər yayılıb ki, mövsümün sonunda sizin yerinizə əcnəbi məşqçi gətirəcəklər. Bu barədə nə deyə bilərsiniz?
- Mən bura gəldiyim ilk gündən rəhbərliyin etimadını doğrultmağa çalışmışam. Amma kimin nə yazdığına şərh verə bilmərəm. “Səbail”in xeyiri üçün hər hansı qərar verilsə, hörmətlə yanaşacağam. Mənim üzərimə düşən vəzifəm odur ki, işimi vicdanla tam yerinə yetirim. Digər məsələləri mən cavablandıra bilmərəm. Bunu həmin məlumatları yayanlardan soruşmaq lazımdır.
Elnur SALAHOV