Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 17:58
Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanda yaşayan icma rəhbərləri və nümayəndələri ilə görüş keçirilib. Görüşdə “Indian Assosieyşn Azərbaycan” İctimai Birliyi, Azərbaycanın Gürcü İcması, Azərbaycanın Ukrayna Konqresi, Azərbaycanın Rus İcması, “Poloniya – Azərbaycan Polşa İcması” İctimai Birliyi, Pakistan Diasporu, Azərbaycanda yaşayan Axıska Türkləri, Dünya Axıska Türkləri Birliyi, Alman-Azərbaycan Cəmiyyəti, “Vaa Lʼhatzolas Nichei Yisroel” Yəhudi humanitar təşkilatı, Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin nümayəndələri iştirak edib.
Komitədən Trend-ə bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədri Fuad Muradov Azərbaycanın sülhsevər, tolerant və multikultural dəyərlərə malik bir ölkə olduğunu, müxtəlif millətlərə mənsub insanların burada rahat və firəvan yaşadığını qeyd edib. O, cəbhəboyu zonada Ermənistanın törətdiyi təxribatdan danışıb və bu faktların dünya ictimaiyyətinə çatdırılmasında diasporumuzla bərabər, yerli icmaların da xüsusi rolu olduğunu diqqətə çatdırıb.
“Indian Assosieyşn Azərbaycan” İctimai Birliyinin həmtəsisiçisi Ronald DʼMello çıxış edərək qeyd edib ki, “Azərbaycan Respublikasının Prezidendi İlham Əliyevin Rusiya-1 telekanalına verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın son təxribatlarına dair həqiqətlər tam dolğunluğu ilə ifadə olunub. Biz bu həqiqətləri həm dünya ictimaiyyətinə, həm də yaşadığımız ölkənin insanlarına çatdırırıq. Mən 25 ildir ki, Azərbaycanda yaşayıram, bu ölkənin insanlarını sevirəm və Qarabağla bağlı əsl həqiqətləri bilirəm. Bu həqiqətlərin yayılmasını özümə borc hesab edirəm”.
Azərbaycanın Gürcü İcmasının sədri Rafael Qvaladze icmalarla keçirilən görüşü müsbət qiymətləndirib və bildirib ki, mülki əhalinin, azyaşlıların qəsdən hədəfə alınması, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud surətdə pozulmasını sosial şəbəkələr və media vasitəsilə beynəlxalq aləmə, həm də mənsub olduğumuz millətlərin nümayəndələrinə çatdırılmasında əlimizdən gələni əsirgəməyəcəyik.
Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev, Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina və digər çıxış edən icma nümayəndələri Qarabağla bağlı səhih məlumatların yayılmasında yaxından iştirak edəcəklərini bildiriblər.
Müzakirənin sonunda icma rəhbərləri və nümayəndələri BMT-yə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara, beynəlxalq hüquq və normalara hörmətlə yanaşan bütün dövlətlərə ünvanlanan birgə bəyanat imzalayıblar. Bəyanatda beynəlxalq təşkilatları təxribatlara son qoyulması və işğal edilmiş Azərbaycan ərazilərinin dərhal azad edilməsi üçün Ermənistana təsir göstərməyə, Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara hörmətlə yanaşmasını təmin etməyə çağırıblar.