Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 15:38
Azərbaycanda yeni növ koronavirusa yoluxanların sayı artır. Ötən gün ölkə üzrə 277 yeni yoluxma halı qeydə alınıb. Artıq "COVID"ə yoluxanların sayı sağalanların sayını üstələyir. Doğrudur, bu gün hər kəsin ürəyi cəbhədə döyünür, amma nəzərə almaq lazımdır ki, bizə sağlam vətəndaşlar lazımdır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, REAL TV xəstəxanalarda "COVID-19"la bağlı vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün koronaviruslu xəstələrin müalicə aldığı xüsusi rejimli xəstəxanalardan birinə baş çəkib. Xəstəxananın şöbə müdiri Səbinə Babayevanın sözlərinə görə, hazırda xəstəxanaya müraciət edən xəstələrin sayı bir ay əvvəl gələn xəstə sayından çoxdur: "Xəstəxanaya xəstəliyi həm simptomsuz keçirən, həm də ağır formada olan xəstələr daxil olur. Orta ağır xəstələrimiz daha çoxdur. Müalicə alan xəstələrin yaşları isə 18-65 aralığındadır. Bu xəstəlik ciddi xəstəlikdir, ona görə də bütün görülə biləcək tədbirlərdən istifadə etmək lazımdır. Hazırda ölkəmiz müharibə şəraitindədir. Burada da bizim gözə görünməyən düşmənlərlə müharibəmiz davam edir. Bu müharibədə çətinliklərlə rastlaşmayaq deyə xalqımızdan xahiş edirik ki, özlərini qorusunlar, xəstələnməsinlər".
Həmsöhbət olduğumuz xəstələr özləri də etiraf edirlər ki, səhhətlərinə bir az biganə yanaşıblar: "Yoldaşımın dayısı rəhmətə getmişdi, onun yas mərasimində yoluxmuşam. Bir az ürək sıxılması, təngənəfəslik olur. Özümü qorumamışam, bundan sonra qoruyacağam".
Özünü həddindən artıq zəif hiss etdiyini deyən digər xəstə bildirir ki, artıq 12 gündür xəstəxana şəraitində müalicə alır. O, məsafə gözləmədiyinə görə virusa yoluxduğunu qeyd edib.
"İştahsız idim, çoxlu öskürək olurdu. Amma indi yaxşılaşmışam. Hərarətim yoxdur. İnsanlara tövsiyə edirəm ki, ictimai yerlərdə, avtobuslarda maska taxsınlar", - deyə müalicə alan xəstələrdən biri deyib.
Qeyd edək ki, artıq bir çox ölkələrdə pandemiyanın ikinci dalğası başlayıb. Bu səbəbdən də gün ərzində yüzdən çox yoluxma faktı qeydə alınan ölkələrdə maska taxılması qanunla tənzmilənərək, məcburi olub.