Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2020 23:06
Nizamlamada Türkiyənin səmərəli rolunu görürük. Türkiyə bizə qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Rusiyanın İnterfaks agentliyinə müsahibəsində münaqişənin nizamlanmasında Türkiyənin rolundan danışarkən bildirib.
Dövlətimizin başçısı deyib: "Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür. Mənim bildiyimə görə bu da, hamıya komanda verməyə adət edənləri çox qıcıqlandırır. Türkiyə bizim etibarlı tərəfdaşımız, Azərbaycanın dostu, həm də Rusiya ilə çox sıx münasibətləri olan ölkə kimi, zənnimcə, hökmən mühüm rol oynayacaq. O, artıq indi həmin rolu oynayır. Rusiya və Türkiyə prezidentləri, bu ölkələrin Xarici İşlər nazirləri, Müdafiə nazirləri daim əlaqə saxlayırlar, bu məsələləri müzakirə edirlər. Bu, onu göstərir ki, Türkiyə artıq cəlb olunub, Ermənistanın nə qədər xoşuna gəlməsə də. Lakin, mən əminəm, Ermənistan bunu etiraf etməyə və bununla razılaşmağa məcbur olacaq".