Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2020 13:57
Ermənistan tarix boyu savaşı dini savaş kimi təqdim etməyə çalışır. Guya bu, müsəlmanlarla xristianlar arasında bir savaşdır.
Bunu Sonxeber.net-a açıqlamasında ilahiyyatçı hacı Şahin Həsənli deyib.
İlahiyyatçı bildirib ki, Azərbaycan hal-hazırda öz torpaqlarını işğaldan azad etmək missiyasını həyata keçirir, bu müharibənin heç bir dini xarakteri yoxdur:
"Həqiqət bundan ibarətdir ki, Azərbaycanın torpaqları işğal olunub və bütün beynəlxalq qanunvericilik aktlarına əsasən bu torpaqlar Azərbaycana məxsusdur. Torpaqlarımızın işğaldan azad olunması ilə bağlı BMT-nin 4 qətnaməsi var. Azərbaycan hal-hazırda öz torpaqlarını işğaldan azad etmək missiyasını həyata keçirir. Azərbaycan Ordusunun əsas hədəfi məhz torpaqlarımızın işğaldan azad olunmasıdır. Bu müharibənin heç bir dini xarakteri yoxdur. Azərbaycanda, ümumiyyətlə, dini zəmində heç zaman qarşıdurma, kiçik bir münaqişə də olmayıb. Azərbaycanda müxtəlif din təmsilçiləri tarix boyu dinc şəraitdə qardaş kimi yaşayıblar. Azərbaycanı din savaşında ittiham etmək o qədər absurddur ki, bu iddianın heç bir tənqidə dözümü yoxdur. Bu, ilk dəfə deyil ki, Ermənistan rəhbərliyi öz çirkin məqsədlərinə çatmaq üçün dini istismar etməkdən çəkinmir. Hətta onların din xadimləri silaha sarılıb, insanları müqəddəs savaşa dəvət edirlər. Halbuki, xristian din xadimləri silaha sarıla bilməz, insanları təcavüzkarlığa işğala dəvət edə bilməz. Ümumiyyətlə, bütün ilahi dinlər insanları sülhə çağırır. Yalnız bir halda savaşmaq olar, o da təcavüzə cavab vermək üçün".
Hacı Ş.Həsənli onu da qeyd edib ki, milyarddan çox insanın inancının, onlar üçün müqəddəs olan bir şəxsiyyətin təhqir olunması söz azadlığı ilə əsaslandırıla bilməz:
"Dinimiz sizinlə vuruşanlarla vuruşun deyir, bütün dinlərin mahiyyəti bundan ibarətdir. Din heç zaman təcavüzkarlığa, işğalçılığa dəvət edə bilməz. Bütün bunlar növbəti oyunlardır, xristian həmrəyliyini formalaşdırmaq üçün ortaya atılmış bir gülünc iddialardır. Bununla paralel şəkildə Avropanın bəzi ölkələrində islamofobiya dalğası genişlənməkdədir. İslam peyğəmbəri təhqir olunur. Bunu söz azadlığı adı ilə edirlər, halbuki bu, əslində, söz azadlığına aid olmayan bir məsələdir. Çünki milyarddan çox insanın inancının, onlar üçün müqəddəs olan bir şəxsiyyətin təhqir olunması söz azadlığı ilə əsaslandırıla bilməz. Söz azadlığının müəyyən bir sərhəddi var. Elə Avropanın özündə də elə bu sərhəd var. Məsələn, Fransada "erməni soyqrımı"nı inkar edən insanlarla bağlı hətta cinayət məsuliyyəti belə nəzərdə tutulurdu. Görünür ki, lazım olan məqamda bu söz azadlığına məhdudiyyət qoyulur. Deməli, məsələ söz azadlığında deyil, məhz dinlərarası qarşıdurma, islam haqqında radikal bir din görüntüsü yaratmaqdır. Təəssüflər olsun ki, bu, bəzi Avropa ölkələrinin siyasətinə xidmət edir".
Təhməz Əsədov