Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fərqli ailələr, eyni talelər - Gəncədən reportaj - FOTO

Fərqli ailələr, eyni talelər - Gəncədən reportaj - FOTO

Tarix: 30 Oktyabr 2020 23:06

Mənfur düşmən cəbhədəki hər uğursuzluğundan sonra, müharibə bölgəsindən uzaqda yaşayan dinc azərbaycanlı əhalini hədəfə alır. Əsgərimizin cəbhədə qazandığı zəfərlərə sevinərkən bir gözümüz də taleləri qırılan, həyatları yarıda qalan insanların kədərinə ağlayır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 11-də erməni silahlı birləşmələrinin Gəncə şəhərini gecə saat 2-də "Elbrus" raketi ilə hədəf alması nəticəsində həlak olan Günay Əliyevanın anası Sevil Babazadə həmin gecəni hələ də göz yaşları ilə xatırlayır.

Sevil xanım deyir: "Partlayışı eşidəndən sonra tez evə zəng vurdum. Telefon çağırdı, amma cavab verən olmadı. Durduq, getdik. Hələ yarı yolda gördüm ki, binadan tüstü qalxır. Ora çatanda dedilər ki, bu evdən bir azyaşlı uşaq, bir də oğlan çıxarıblar. Qızımla qaynanası dağıntı altında qalmışdı, qızımı mənim gözümün qabağında çıxardılar".

Həmin gecə dağıntılar altından xilas olunan iki yaşlı Nilay Əliyeva möcüzə nəticəsində sağ qalsa da, onun atası Adil Əliyev, anası Günay Əliyeva və ata nənəsi Afaq Əliyeva həyatını itirdi. Nilay hələ olanları dərk edəcək yaşda deyil, ancaq hər iki valideynini itirən qızcığazı günlərlə sakitləşdirmək hələ də mümkün olmayıb.

Fərqli ailələr olsa da, eyni taleyi oktyabrın 17-də Gəncəyə ermənilər tərəfindən atılan növbəti raket zərbəsindən sonra Xədicə Şahnəzərova da yaşayır. Xədicənin üç yaşı var. Yaralı vəziyyətdə tapılan Xədicənin qohumlarını, indi daha çox qızcığazın aldığı fiziki yaralar deyil, ona mənəvi olaraq vurulan yaralar incidir. Xədicə həmin gecə atası Royalı, anası Züleyxanı və bacısı yaş yarımlıq Mədinəni itirdi. Hazırda Samux rayonunun Seyidlər kəndində onu himayə edən ana babası Nizami Ağayevin ailəsindədir. Babası deyir: "Belə bir faciənin təkrarlanmasına inanmazdıq. Gəncədə oktyabrın 11-də baş verənlərdən sonra ümid edirdik ki, dünya buna göz yummayacaq və bu, bir daha baş verməyəcək. Qızımı, kürəkənimi, bir də nəvəmin birini itirdim".

Xədicə partlayışdan sağ çıxsa da, həmin gecənin dəhşətindən gözlərini gün işığına aça bilmirdi. Yalnız üç gün sonra xalasını gördüyünü dilinə gətirdi. Qohumları deyir: "Yaxşı ki, onun gözlərinin açılması məhz həmin gün oldu, körpə bacısının anasının qoynunda eyni məzarda dəfn olunduğunu görmədi".

Nilay və Xədicə erməni vandallarının atasız və anasız qoyduğu ilk azərbaycanlı uşaqlar deyil. Lakin ümid edirik ki, müzəffər ordumuzun apardığı uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni zülmünə son qoyulacaq. Vətən savaşı uğrunda tökülən şəhid qanı yerdə qalmayacaq.


Etiketlər:  Fərqli ailələr eyni talelər Gəncədən reportaj FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ