Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 11:54
Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya Federasiyasının humanitar dəstəyi ilə Ermənistan tərəfə təhvil verilmiş 85 yaşlı Evgeniya Babayanın Ermənistanda psixoloji və fiziki işgəncələrə məruz qalaraq, müstəntiq qarşısına çıxarılması ciddi təəssüf və narahatlıq doğurur.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən təqdim olunan səhnələşdirilmiş videoda yaşlı qadın əvvəlcədən təqdim olunmuş mətn üzrə fikir söyləməyə məcbur edilir. Bizdə olan məlumata görə, həmin qadının yaxın qohumları da Ermənistanın xüsusi xidmət orqanları tərəfindən istintaqa cəlb edilmişdir.
Döyüş meydanında Ermənistan silahlı qüvvələri tərəfindən yalnız qoyulan və fiziki yardıma ehtiyacı olan Evgeniya Babayana Azərbaycan tərəfdən bütün zəruri tibbi yardım, insani davranış və dəstək göstərilmişdir. Ermənistandan fərqli olaraq bu yaşlı qadın müstəntiq qarşısına çıxarılmamış və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin müşayiəti ilə xəstəxanada yerləşdirilmişdir.
Prezident İlham Əliyevin humanist təşəbbüsü ilə iki yaşlı erməni və erməni əsgərlərinin cəsədlərinin 18 oktyabrda Ermənistana verilməsi təklif olunsa da, Ermənistan bundan imtina etmişdir. Ermənistan tərəfi yalnız 28 oktyabrda bu qadını, 29 oktyabrda isə erməni əsgərlərin cəsədlərini qəbul etməyə razılıq vermişdir.
84 yaşlı Mişa Melkumyanı Azərbaycan tərəfi oktyabrın 29-da BQXK-nın vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəmiş, lakin qarşı tərəf qeyri-insani davranış göstərərək M.Melkumyanı təhvil almaqdan imtina etmişdir. Xroniki xəstəliklərdən əziyyət çəkən və xəstəxanada yerləşdirilən Mişa Melkumyan Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin nəzarəti altında olmuşdur. Həmin şəxs əziyyət çəkdiyi çoxsaylı xroniki xəstəliklərdən vəfat etmişdir. Ermənistan tərəfi qəbul etməyə imtina etdiyi bu yaşlı şəxsin vəfatını da səhnələşdirib propaqanda mövzusuna çevirəcəkdir.
Ermənistan xüsusi xidmət və istintaq orqanlarının 84 yaşlı qadına və onun yaxın qohumlarına psixoloji təsir göstərərək Azərbaycana qarşı ifadələr almasını, onu Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırmasını qəti şəkildə pisləyirik. Sağlamlıq durumu yaxşı olmayan yaşlıq qadına qarşı bu cür qeyri-humanist davranış qəbuledilməzdir.