Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 14:56
Bakı. Samir Əli - Trend:
Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi təxribata cavab olaraq Azərbaycan Ordusu bir aydan çoxdur ki, əks-hücumlarını davam etdirir. Bir sıra ərazilərimiz, strateji və taktiki əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib.
Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev deyib. O bildirib ki, bu müddət ərzində olan döyüşlər onu göstərdi ki, düşmən heç də hazırlıqsız olmayıb: "İstər düşmənin müdafiə rayonları olsun, istərsə də yeraltı tunellər, minalanmış sahələr və bölgəyə cəlb etdikləri silahlar olsun. Hər kvadratmetr üçün düşən silah hesablansa, düşmənin ciddi hazırlıqlarının olduğu ortaya çıxır. Bütün bunlara baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti, ruh yüksəkliyi, əldə olan texnoloji vasitələrdən dəqiqliklə istifadə edəbilmə qabiliyyəti düşmənin 30 illik hazırlığını darmadağın etdi".
Hərbi ekspert bildirib ki, bu gün düşmən bu güc nisbətini, yenildiyini, müharibədəki məğlubiyyətini başqa vasitələrlə ört-basdır etməyə çalışır: "Onlar müxtəlif vasitələrlə guya ki, bütün dünya ermənilərini bölgəyə çağırır. Əslində onlar bu adla bölgəyə terrorçu qüvvələr və ekstrmist qrupları cəlb edir. Məlumatlara görə, Kəlbəcər və Laçın istiqamətlərində düşmən tərəfdən terrorçu düşərgələri qurulur. Təbii ki, bu düşərgələr də Azərbaycan Ordusu tərəfindən aşkarlanır və sıradan çıxarılır, düşmənin əlavə hücumlarının qarşısını almaq məqsədilə onlar yerindəcə məhv edilir. Buna baxmayaraq, düşmən hələ də bölgəyə kiçik terrorçu qruplar cəlb etməkdədir. Bu cür terrorçu qruplar təbii ki, əməliyyatların gedişinə təsir göstərəcək. Amma bu gün Azərbaycan Silahlı Qüvvələri asimmetrik hərb nəzəriyyəsinə uyğun olaraq xüsusi təyinatlıların tətbiqi ilə də sözünü deyir. Xüsusi təyinatlı qüvvələrin tətbiqi, o cümlədən onların yüksək texnoloji vasitələrlə təmin olunması artıq əməliyyatların yeni nəzəriyyə əsasında formalaşmasına gətirib çıxarır. Artıq döyüşlərin sonunda Azərbaycan Silahlı Qüvvələri regionda sözünü demiş güclü ordulardan biri olacaq".