Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 04:30
Koronavirusa yoluxma saylarının 800-900 olduğu vaxtda bunun davamlı olacağını düşünürdük. Bildirirdik ki, gedişat yüksəlməyə doğru getdiyinə görə, yoluxma sayları hətta dördrəqəmlilərə də gəlib çata bilər. Hazırda rekord göstəricilər qeydə alınır. Rəqəmlər onu göstərir ki, artıq sanitar-epidemioloji vəziyyət ürəkaçan deyil. Bu baxımdan düşünürəm ki, gedişat hələ yüksəlməyə doğru gedəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyib.
O bildirib ki, xəstəliyin inkubasiya dövrü nəzərə alınarsa, vəziyyət nəzarət altına alındıqdan sonra hələ bir müddət yüksəlmələrə doğru gedişatı gözləmək olar: "Təəssüf ki, Azərbaycanda bu vəziyyət nəzarət altına alınmayıb. Çünki rəqəmlər yüksəlişə doğru gedir. Düşünürəm ki, vəziyyət yaydakı dövrdən daha da ağır ola bilər. Çünki yoluxma hallarının sayı əvvəlki kritik dönəmdəkindən iki dəfə daha çoxdur.
Virusa yoluxan insanların vəziyyətində əvvəlki dövrə nisbətən yüngülləşmə var. Yəni yüngül formada keçirənlər çoxdur. Lakin əvvəllər gənclər xəstəliyi daha çox asimptomatik keçirirdilərsə, indi daha ağır formada keçirənlərə də rast gəlinir. COVID-19-un hətta uşaqlarda belə yüksək hərarətlə keçdiyini klinik təcrübələrimizdə də görürük. Virusa aid olan əlamətlərin hamısı bir xəstədə görülməyə bilər. Əlamətlərin heç biri olmasa da, insan virus daşıyıcısı ola bilər. Bu, xəstəliyin klinik gedişatına əsasən müəyyən olunur. İybilmə, dadbilmənin itməsi bəzi insanlarda heç görülməyə də bilər. Bəzilərində isə olub daha uzun müddətə bərpa oluna bilər. Bu baxımdan hər bir insanda klinik əlamətlərin görülüb görülməməsi individualdır. Əlamətlər insanın immun sisteminə və aldığı virus yükünə bağlı olaraq fərqli formalarda seyr oluna bilər. Hazırda virusun virulentliyi davam edir. Baxmayaraq ki, virus bir ilə yaxındır ki, dünyada tüğyan edir, xəstəlik əvvəlki dövrlərdə olduğu kimi öz təhlükəliliyini sürdürür.
Koronavirusun əlamətlərindən biri də hərarətin yüksəlməsidir. Lakin şərt deyil ki, virus daşıyan hər bir insanda hərarət olsun. Xəstəliyə təkcə hərarətə görə diaqnoz qoyulmur. Bir sıra amillər araşdırıldıqdan, dəqiqləşdirildikdən sonra diaqnoz qoyula bilər. Hərarəti olub-olmamasından asılı olmayaraq, insan həmin virusu daşıya bilər. Hətta xəstəliyin ağır formasında da hərarətin müşahidə edilməməsi mümkündür.
Bəzi vətəndaşlar koronavirusu adi qrip hesab edirlər. "Koronavirus bir şayiədir" deyən insanlar da var. Lakin biz bu cəmiyyətdə yaşayırıqsa, virus tüğyan edirsə, qaydalara əməl etməsək, hər birimizin ona yoluxma ehtimalı yüksəkdir.
Qrip hər zaman mövcud idi, koronavirus isə yeni ortaya çıxan bir virusdur. Onların hər ikisi yuxarı və aşağı tənəffüs yolları infeksiyalarına, pnevmoniyaya səbəb olur və klinik əlamətləri bənzərdir. Bütün əlamətlər hamısı bir insanda görünməyə bilər. Hərarət, ağciyər tutulması, boğaz ağrısı, qarın ağrısı, iştahasızlıq, halsızlıq, baş ağrısı kimi şikayətlər hər iki virusda görülə bilər. İybilmə, dadbilmə kimi əlamətlərin itməsi daha çox koronavirusa aiddir. Lakin bu, o demək deyil ki, həmin şikayətləri olmayan xəstə virusa yoluxmayıb. Bu iki virusu ayırd etmənin yeganə yolu laborator diaqnostikadır.
Əlamətləri hiss etdikdə ilkin olaraq həkim müayinəsindən keçmək lazımdır. Xəstəlik hər insanda fərqli formada keçir. Klinik əlamətlərin başlandığı günə əsaslanaraq həkim tərəfindən anamnez toplanmalıdır. Erkən dönəmdə diaqnostika üçün yaxma götürülməsi vacibdir. Nəticəyə əsasən xəstəliyin olub-olmadığına qərar verə bilərik. Test nəticəsi neqativ olsa da, xəstəliyin klinik əlamətləri varsa və xəstədən şübhələniriksə, o zaman ağciyərin kompüter tomoqrafiyasına (KT) ehtiyac yaranır. Virusun ağciyərdə bir görüntü yaratması, bir iltihab formalaşdırması üçün müəyyən bir zaman lazım olduğunu nəzərə alsaq, pasiyent xəstəliyin simptomlarının başlamasından 4-5 gün sonra KT olunarsa, o zaman ağciyərdə bir tutulumu görə bilərik. Virusun ağciyəri zədələmədiyi hallar da olur. Bu xəstəlik daha yüngül formada keçəndə mümkündür. Ümumiyyətlə isə bu virus təkcə ağciyərə deyil, bütün orqanizmə təsir edir".
Həkim-infeksionist vətəndaşları qaydalara riayət etməyə və məsuliyyətli davranış sərgiləməyə səsləyib.