Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 10:52
Bakı. Trend:
Dünya Səyahət və Turizm Şurasının (The World Travel & Tourism Council, WTTC) verdiyi ən son məlumatlara əsasən turizm sektoru hazırda Ermənistanının ÜDM-nin 11.8 faizini formalaşdırır və ölkə üzrə mövcud işçi qüvvəsinin 12.5 faizi məhz bu sektorda çalışır.
Bunu Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov deyib.
Onun sözlərinə görə, iqtisadiyyatın turizm sektorunun ümumi ixracdakı payı nəzərə çarpacaq dərəcədə böyükdür:
"Belə ki, ən son statistik məlumatlara görə təxminən 1,3 milyard ABŞ dolları ixrac göstərici ilə, turizm sektorunun ümumi ixracdakı payı 24 faizə bərabərdir. Bu isə onu deməyə əsas verir ki, ixrac edilmiş məhsul və xidmətlərdən daxil olan hər 100 ABŞ dollarının təxminən dörddə biri məhz turizm sektorunun hesabına formalaşır. Ermənistanda turizm sektorunun inkişafı əsasən xaricdən gələn turistlərdən asılıdır. 2019-cu ildə Ermənistanı 1,9 milyon turist ziyarət etmiş və bu turistlər də əsasən Rusiya, Avropa Birliyi, İran və ABŞ-dan gələn turistlər olmuşlar. Bu ölkəyə, son iki ildə Rusiyadan hər il təxminən 500 mindən çox turist gəlmişdir. Ümumlikdə isə, Ermənistanı ziyarət edən turistlərin böyük əksəriyyəti xaricdə yaşayan erməni əsilli şəxslər olmuşdur.
2020-ci il ərzində isə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyətə görə Ermənistanın turizm sektoru ciddi zərər etmişdir. Belə ki, keçən il ilə müqayisədə Ermənistanın turizm sektorunun dövriyyəsi 2020-ci ilin ilk altı ayı ərzində 90 faizdən çox azalmışdır.[1] Təkçə bu ilin birinci rübündə bu sektorda 135 milyon ABŞ dolları civarında itkilər qeydə alınmışdır.[2] Ermənistan hökuməti cari ilin payız mövsümündə turizm sektorunun nisbətən canlanacağını proqnozlaşdırıdı. Bu səbəbdən də bu ilin sentyabr ayından ölkə turizm xidmətləri göstərən sahələrin yenidən beynəlxalq turistlər üçün açıldığını elan etmişdi. Lakin Ermənistanın sentyabr ayının 27-də Azərbaycana qarşı hücuma keçməsi və ordumuzun əks-həmləyə başlaması işğalçı ölkənin turizm sektorunun inkişafı ilə bağlı planlarını alt-üst etdi. Son məlumatların təhlili göstərir ki, Azərbaycan ordusunun uğurlu zərbələrindən sonra hələ uzun müddət ərzində Ermənistanın turizm sektoru özünə gələ bilməyəcək. Çünki Ermənistan artıq beynəlxalq turistlər üçün çox riskli ölkəyə çevrilmişdir. Hazırda bu ölkəyə turist adı altından ancaq xaricdən muzdlu döyüşçülər gələ bilər.
Yuxarıda da qeyd edildiyi kimi, Ermənistanda turizm sektorunun çöküşü bu ölkənin xarici ticarət balansının formalaşmasına da mənfi yöndə ciddi təsir edəcək:
"Bu sahədə davam edən geriləmə onu deməyə əsas verir ki, yaxın gələcəkdə işğalçı ölkənin milli valyutasına - Drama təzyiqlər artacaqdır. Nəticədə dramın digər valyutalar qarşısında dəyərinin azalması və milli valyutaya inamsızlığın artması müşahidə olunacaqdır. Turizmin geriləməsi həm də bu sektorda çalışan 125 min nəfərin böyük hissəsinin iş yerini itirməsi riskini ciddi şəkildə artırır".