Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 02:32
Müdafiə Nazirliyinin yaydığı həmin videonu dünən ilk dəfə televizorda izlədim. Gözlərimə inanmadım. İşdən gəlib yorğun yatan atasını oyatdım ki, oğlumuzu televizorda göstərirlər. Qızlarım da gəldi. Televizoru digər kanala çevirdim, gördük oradan da həmin videoçarxı göstərirlər. Gözlərim doldu. Oğlumla fəxr edirəm!
İnşallah bütün işğaldakı torpaqlarımız azad olunsun. Bütün əsgər balalarımız evlərinə sağ-salamat qələbə ilə dönsünlər.
Sonxeber.net bildirir ki, bu sözləri qəhrəman topçumuz Vüsal Şahkərimovun anası İlahə Şahkərimova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində söyləyib.
Bu həmin topçudur ki, düşmənə atəş açdıqdan sonra mərdanə duruşu ilə hamının rəğbətini qazanaraq, yağıya gözdağı olmağı bacarıb. V.Şahkərimov məğrur görkəmi ilə qəhrəman Azərbaycan döyüşçülərinin əsl gücünü nümayiş etdirib.
Vüsal Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Arif Məmmədov adına Qusarçay tam orta məktəbini bitirdikdən sonra, ötən ilin iyul ayında hərbi xidmətə yollanıb.
Babası Ağa Ağayev bildirir ki, Vüsalı televizorda göstərirlər deyəndə kövrəlib. "Özüm də dəfələrlə o kadrları izlədim. Çox sevindim. Öz-özümə deyirdim ki, bu, bizim Vüsaldır? Gördüm hə elə bizim qəhrəman, pəhləvan Vüsaldır. Topdan atəş açıb "Rembo" kimi dayanır. Onda nəvəmlə lap qürur duydum. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə əsgərlərimiz düşməni torpaqlarımızdan qovurlar. Bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq", - deyə nəvəsi ilə qürur duyan baba söyləyir.
Vüsalın özündən yaşca kiçik iki balaca bacısı var. Yeddi yaşlı Fidan Vətəni qoruyan qardaşı ilə fəxr etdiyini bildirir. "Tezliklə müharibə bizim qələbəmizlə qurtarsın, qardaşım da evimizə qayıtsın", - deyə balaca Fidan söyləyir.
Vüsalın atası İslam Şahkərəmov isə kövrəldiyindən fikirlərini ifadə etməkdə çətinlik çəkir. "Ötən ilin iyul ayında, doğum günündə hərbi xidmətə yollanıb. İndi isə onun düşmənə necə zərbələr endirdiyini hamı görür. Bütün əsgərlərimizə qələbə ilə evlərinə dönməyi arzu edirəm".
İndi Vüsal tək Şahkərimovlar ailəsinin, Qusarçay kəndinin yox, bütün Azərbaycanın sevimli, qəhrəman oğludur. Onun kimi qorxmaz əsgər və zabitlərimiz bizə qələbə sevincini yaşatmaqda davam edir. Tezliklə üçrəngli müqəddəs bayrağımız Qarabağın hər yerində dalğalanacaq.