Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 21:54
Şanlı ordumuzun zəfər yürüşü nəticəsində azad edilən yaşayış məntəqələrimizin sakinlərinin 27 illik arzuları gerçəkləşir. Belə yaşayış məntəqələrimizdən biri də Cəbrayılın Daş Veysəlli kəndidir. Bu kənddən olan Səfərli ailəsi illər öncə doğma kəndlərindən çıxarkən götürdükləri Qarabağ xalçasını kəndlərinə qayıtmaq ümidi ilə qoruyub saxlayıb və artıq arzularının reallaşmasına sayılı günlər qalıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, iyirmi yeddi ildir bu arzu ilə yaşayan kənd sakini Hidayət Səfərli sevinc hislərini bizimlə bölüşüb: "Biz doğma kəndimizdən çıxarkən hər gün el-obamıza qayıdacağımız günü gözləmişik. Gördüyünüz bu xalçanı indiyədək saxlamağımız bizim inamımızın bir nişanəsidir. Ötən illər ərzində Vətən niskili hiss edəndə bu xalça ilə özümüzə təsəlli tapmışıq. Onu istifadə etməmişik ki, doğma kəndimizə qayıdacağımız gün bu xalça da bizimə qayıdacaq. Artıq bu arzumuz gerçək olub. Oktyabrın 20-də Müzəffər Ali Baş Komandanımız azad edilən yaşayış məntəqələrimizin müjdəsini verəndə, sevincimizin həddi-hüdudu olmadı. Bu hisləri sözlə ifadə etmək çox çətindir".
Daş Veysəlli ilə bağlı gözəl xatirələrinin olduğunu deyən həmsöbətimiz qeyd edib ki, uşaqlıq, gənclik illəri ata yurdunda keçib. "Biz doğma torpağımıza qayıtmağı səbirsizliklə gözləyirik. Bu sevinci bizlərə bəxş etdiyinə görə Ali Baş Komandanımıza və şanlı Ordumuza təşəkkür edirik. Bizim Cəbrayıl kəhrizlər diyarıdır, rayonumuzda 118 kəhriz vardı. Onlardan 4-ü isə bizim kənddə idi. Hətta kəndimizdə çoxlu bulaq da vardı. 27 il ildir o yerlərə həsrət idik. Erməni faşistlərinin vəhşilikləri zamanı kənddən çıxmalı olduq. Həmin vaxt övladımın 3 ayı belə tamam olmamışdı. Köçkün düşdük, çadırlarda yaşadıq, daha sonra dövlətimiz bizlərə ev tikdi. Artıq o illər geridə qaldı. Mən doğma vətənimi tərk edəndə övladımı qucağımda gətirmişdim. Amma illər keçib, indi kəndimizə sevinc hisləri ilə qucağımda körpə nəvəmlə, ailəmlə qayıdacağam", - deyə o vurğulayıb.