Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 23:03
Yaşından asılı olmayaraq son vaxtlar arterial təzyiqdən əziyyət çəkənlərin sayı artır. Arterial təzyiqin yüksəlməsi, daha dəqiq desək, hipertoniya ətrafımızda olanların tez-tez qarşılaşdığı əsas problemlərdəndir. Hipertoniyanın ilk dövrlərində xəstələrdə vaxtaşırı olaraq arterial təzyiqin yüksəlməsi, baş ağrıları, ürək döyüntüləri, bəzən ürək nahiyəsində ağrı, başın arxa nahiyəsində ağırlıq hissi yaranır.
Sonxeber.net bildirir ki, həkim-kardioloq Nüşabə Səfərovanın AZƏRTAC-a verdiyi məlumata görə, əksər vaxtlarda həmin əlamətləri yorğunluqla əlaqələndirirlər, lakin bunun səbəbi bir neçə amillə bağlı ola bilər: "Hava şəraitinin kəskin soyuması, istiləşməsi və yenidən geriyə dönməsi də ürək-damar sisteminə təsir göstərə bilər. Təzyiq xəstəliyinin kökündə duran səbəblərdən biri də damar mənşəlidir. Ona görə də mövsüm dəyişikliyi zamanı onu özlərində hiss edə bilərlər".
Həmin xəstələrdə başgicəllənmə, əl və ayaq barmaqlarında keyləşmə, gözlərin qarşısında qığılcımların yaranması, yuxunun pozulması, tez bir zamanda yaranan yorğunluq kimi əlamətlər davamlı olaraq müşahidə edilir. Arterial təzyiq problemi ilə qarşılaşan xəstələr ilk növbədə qida rasionuna diqqət yetirməlidir.
"Hava soyuyan kimi adətən insanlar qida rasionuna turş və duzlu məhsullar əlavə etməyə, çox yağlı və xəmir xörəkləri ilə qidalanmağa başlayırlar. Stressli vəziyyətin olması və qida rasionuna əməl edilməməsi hipertoniyanı artıra bilər", - deyə həkim-kardioloq əlavə edib.
Vaxtında müalicə olunmayan hipertoniya xəstəliyi həyat üçün təhlükə mənbəyi rolu oynayır. Ona görə də mütləq davamlı şəkildə həkim nəzarəti altında olmaq lazımdır.