Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 15:45
“Samsung” şirkəti fərdi kompüterə qoşulmadan əksər vəzifələri yerinə yetirməyə imkan verən dünyada ilk “Do-It-All” sinifli “32M70A” monitorunu nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, yeni qurğu quraşdırılmış “Tizen 5.5” əməliyyat sistemi əsasında tətbiq edilən bir sıra “ağıllı” funksiyalara malikdir. Məsələn, “Microsoft Office 365” əlavələri, “Netflix”, “HBO”, “YouTube” və s. servislərdən istifadə mümkündür. Həmçinin “Bixby 2.0” intellektual səsli köməkçi funksiyası ilə birgə iş dəstəklənir.
Məlumata görə, kompüter şəbəkəsinə qoşulma “Wi-Fi 5” simsiz rabitə adapteri vasitəsilə həyata keçirilir. Bundan başqa, “Bluetooth 4.2” kontrolleri mövcuddur. Monitora “USB Type-C” interfeysi və yeganə kabelin köməyi ilə portativ kompüter qoşmaq olar: bu halda 65 vattadək enerjinin ötürülməsi təmin edilir.
Yeni qurğudan adi rejimdə istifadə üçün iki “HDMI 2.0” çıxışı mövcuddur. “Samsung 32M70A” 5 vatlıq stereofonik dinamiklər və periferiyalı qurğuların qoşulması üçün “USB” konsentratoru ilə təchiz olunub.
Monitor “4К” (3840 × 2160 piksel) təsvir ölçülü 32 düym diaqonallı düz “VA” matrisası əsasında hazırlanıb. Parlaqlıq 250 kandel/kvadratmetr, kontrastlıq 3000:1 təşkil edir. Reaksiya vaxtı 8 milli saniyəyə malik panelin horizontal və vertikal baxış bucağı 178 dərəcə, yenləmə tezliyi 60 giqahersdir.
“Samsung 32M70A” monitorunun satışlarına noyabrın 16-dan etibarən başlamaq nəzərdə tutulur. Şirkət tərəfindən oxşar texniki xüsusiyyətlərə malik “M5” seriyalı monitorların buraxılışı da planlaşdırılır. Modellər 32 və 27 düym diaqonallı “Full HD” (1920 × 1080 piksel) təsvir ölçülü ekranla təchiz ediləcək.
Nizam Nuriyev