Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 18:45
Zaman-zaman işğala məruz qalan ölkəmizin əsrlərlə yaşı olan maddi mədəni irs nümunələri, o cümlədən xalçalar qarət edilib, xarici ölkələrə aparılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə keçirilən tədbirdə Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.
Onun sözlərinə görə, sevindirici haldır ki, bir çox nadir xalça nümunələrinin ölkəmizə qaytarılması istiqamətdə addımlar atılıb:
"Belə ki, muzeylər tərəfindən xarici muzeylərlə əməkdaşlıq əlaqələri qurulur, birgə fəaliyyətlə bağlı memorandumlar imzalanır. Azərbaycan Milli Xalça Muzeyi də öz növbəsində bu istiqamətdə mühüm işlər görür. Xüsusilə vurğulamaq istərdim ki, ölkəmizin nadir sənət incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə dövlət başçısının sərəncamına əsasən inşa edilən və artıq Bakı şəhərinin simvollarından birinə çevrilmiş açılan sehrli xalça formalı bu bina xalçaçılıq sənətinə verilən dəyərin bariz nümunəsidir".
A.Kərimov bunu da əlavə edib ki, yaxın zamanlarda dünya hərraclarına çıxarılmış Azərbaycana məxsus iki Qarabağ xalçası da əldə edilərək vətənə qaytarılacaq. XVIII-XIX əsrlərə aid bu xalça nümunələri Milli Xalça Muzeyinə gətirildikdən sonra ictimaiyyətə təqdim olunacaq.
Azərbaycanda xalçaçılığın tarixinin çox qədim olduğunu deyən A.Kərimov bildirib ki, onun ilk nümunələrinin meydana gəldiyi dövr eramızdan xeyli əvvələ təsadüf edir. Azərbaycan mədəniyyətində xalça sadəcə bir ev bəzək elementi deyil, həm də bir-birini əvəz edən tarixi dövr və üslubları cəmləşdirərək bədii zövqün və mentalitetin özünəməxsusluğunu əks etdirir.