Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 10:18
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir.
Trend-in məlumatına görə, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə qanazlığının profilaktikasında qidalanmanın rolu haqqındadır.
Qanazlığı, yəni anemiyanın müxtəlif mənşəli səbəbləri ola bilər. Anemiya orqanizmdə kifayət qədər qırmızı qan hüceyrələrinin yaranmaması və ya məhv olması səbəbindən meydana gəlir. Qan itkisi, xroniki xəstəliklər, düzgün qidalanmama, orqanizmdə dəmir və digər vitamin çatışmazlığı qanazlığının yaranmasına yol açan faktorlardandır.
Qeyd edək ki, dəmir dünyada ən çox müşahidə olunan mikroelement çatışmazlığıdır. Dəmir defisitli anemiyaya da məhz bu maddənin çatışmazlığı yol açır. Dəmir defisitli anemiya orqanizmə dəmirin daxil olmasının, mənimsənilməsinin pozulması nəticəsində hemoqlobinin miqdarının azalması ilə xarakterizə olunan patoloji haldır.
Dəmir defisitli anemiyadan qadınlar, uşaqlar, yeniyetmələr daha çox əziyyət çəkirlər. Bu səbəbdən də dəmir defisitli anemiya dünya səhiyyəsinin vacib problemlərindən biridir. Xəstəliklə mübarizə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ana, Körpə və Gənc Uşaqların Qidalanmasına dair İcra Planının 6 prioritetindən biridir. Bu prioritetlər BMT-nin 2015-ci ildən sonrakı Davamlı İnkişaf Məqsədləri üçün Prioritet Qidalanma Göstəriciləri kimi qəbul edilmişdir.
Dəmir və ya vitamin çatışmazlığından yaranan qanazlığına qarşı əsas profilaktik tədbir olaraq düzgün qidalanma vacibdir. Qanazlığının qarşısının alınması üçün dəmir, fol turşusu, B12, sink, A vitamini ilə zəngin məhsullar qida rasionunun əsasını təşkil etməlidir. Həmçinin gündəlik qida rasionunda çeşidliliyin qorunması, vitamin və mineralların fərqli qida məhsullarından təmin edilməsi tövsiyə olunur.
Mütəxəssislərin tövsiyələrinə görə, gündəlik ümumi kalori qəbulunu nəzərə alaraq 13-20 mq dəmir qəbul etmək olar. Lakin bədəndə bu elementin yalnız 5-15 %-i sorulur. Ümumiyyətlə, qida məhsullarında dəmir 2 formada mövcud olur: hem və qeyri-hem. Hem üzvi formada olur və 15-25 %-i orqanizm tərəfindən sorulur. Qırmızı ət, balıq və quş məhsullarında dəmirin hem formasına rast gəlinir. Qeyri-hem isə qeyri-üzvi formada olur və paxlalı bitkilər, taxıllar, eləcə də meyvələrdə rast gəlinir. Orqanizmdə 5-20 %-i sorulmaya məruz qalır. Qida məhsullarında dəmirin miqdarı belədir: 160 q sarıkökdə - 16.8 mq, 90 q içalatda - 5.2–9.9 mq, 30 q qovrulmuş balqabaq toxumunda – 3.9 mq, 1/2 fincan bişmiş lobya və mərcidə – 3.3 mq, 1 fincan təzə və qaynadılmış ispanaqda – 3.2 mq, 90 q yağsız mal ətində (steyk) – 3.1 mq, 3 ədəd çili bibərində – 3 mq, 1/2 fincan bişmiş qırmızı lobyada - 2.6 mq, 90 q siyənək balığında - 2.5 mq, 1/2 fincan bişmiş noxudda - 2.4 mq, 90 q quzu və ördək ətində – 2.3 mq, 90 q mal əti qiyməsində - 2.2 mq. Ət məhsullarında olan dəmir bitki mənşəli qidalara nisbətən orqanizm tərəfindən daha tez sorulur.
Qara çay, kofe, kakao, nanə, bir sıra ədviyyat və bitki çaylarının tərkibində olan polifenol birləşmələr isə dəmirin orqanizmdə sorulmasını azaldır. Ona görə də çay və ya qəhvəni yeməkdən bir qədər sonra içmək lazımdır. Yumurta, qoz, badam, küncütün tərkibində olan bəzi kimyəvi birləşmələr də dəmirin orqanizm tərəfindən sorulmasını müəyyən dərəcədə azaldır.
Dəmirin bədəndə daha yaxşı mənimsənilməsi üçün C vitamini ilə zəngin qidalar istehlak olunmalıdır. Bu səbəbdən qanazlığına qarşı mübarizədə C vitamini əhəmiyyətli rol oynayır. İtburnu meyvəsi, qara qarağat, gül kələm, yaşıl bibər, göy soğan, cəfəri, ispanaq C vitamini mənbəyidir.
Qanazlığının profilaktikasında tərkibi A vitamini ilə zəngin olan istər heyvan, istərsə də bitki mənşəli məhsullara da üstünlük verilməlidir. Treska balığı, malın qaraciyəri, alma, yerkökü, kahı, kələm, göy soğan, brokkoli, ispanaq A vitamini ilə zəngindir.
B12 vitamini qanazlığının profilaktikasında ən vacib elementdir. Mal əti, malın qaraciyəri, böyrək və ürəyi, süd, pendir, yumurta sarısı, ala balığı zəngin B12 vitamini qaynağıdır.
Fol turşusu (B9 vitamini) çatışmazlığı da qanazlığının yaranmasına yol açan səbəblərdən biridir. Paxlalı bitkilər, sitrus meyvələri, göyərti və yaşıl yarpaqlı tərəvəzlər fol turşusunun əsas mənbəyidir.
Qanazlığına qarşı sinklə zəngin məhsulları da gündəlik qida rasionuna daxil etmək vacibdir. Yumurta, buğda kəpəyi, cücərmiş buğda, günəbaxan və balqabaq toxumu, moruq, qara qarağat, xurma, lobya, mərcimək, göyərti və tərəvəzlər orqanizmi sinklə təmin edir.