Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2019 13:45
Bakı. İlhamə İsabalayeva - Trend:
İyulun 7-də Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Braziliyanın Parati mədəniyyəti və biomüxtəlifliyi ilə bağlı nominasiyasının Dünya İrs Siyahısına daxil edilməsi ilə bağlı mətbuat konfransı keçirilib.
Trend-in məlumatına görə, mətbuat konfransında Braziliyanın vətəndaşlıq nazirinin xüsusi katibi Henrique Piress ölkəmizdə olmağından məmnunluğunu ifadə edib. Bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir. Səfər çərçivəsində Şəkidə olduğunu bildirən qonaq bu qədim məkanın bu gün UNESKO-nun irs siyahısına salınması münasibətilə təbriklərini çatdırıb.
Bu gün Braziliya üçün kədərli bir hadisənin baş verdiyini təəssüflə qeyd edən qonaq, bossa-nova musiqi üslubunun banilərindən olan Juan Jilbertunun xatirəsinin Bakıda anılmasını yüksək qiymətləndirib.
Tədbirdə Braziliyanın UNESKO-dakı səfiri Maria Ediluza bildirib ki, onun Bakıya artıq 4-cü səfəridir. O deyib: “Çox gözəl ölkəniz, qonaqpərvər xalqınız var. Azərbaycan dövlətinə və xalqına təşəkkür edirəm ki, Braziliyanın UNESKO-da mədəni irsinin qəbuluna dəstək olub. Bu gün Şəkinin Dünya İrs Siyahına daxil olunduğu sessiyada iştirakımdan məmnunam”.
UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov tədbir iştirakçılarını salamlayaraq qonaqların Azərbaycanla bağlı dedikləri xoş sözlərə görə təşəkkür edib. İki xalq arasında oxşarlıqların olduğunu qeyd edən E.Sultanov əlaqələrin daha genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu söyləyib. Ölkələrimizin UNESKO-da sıx əməkdaşlıq etdiklərini qeyd edən Baş katib Braziliyanı Parati mədəniyyəti və biomüxtəlifliyi ilə bağlı nominasiyasının Dünya İrs Siyahısına daxil edilməsi münasibətilə təbrik edib. Qeyd edib ki, bu gün Azərbaycan üçün də əlamətdardır. Şəki UNESKO-nun dünya irs siyahısına qəbul olunub. Elnur Sultanov bu məsələdə Azərbaycana göstərdiyi dəstəyə görə Braziliyanın nümayəndə heyətinə təşəkkür edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin