Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Memarlar İttifaqının üzvləri dünya mədəni irs təşkilatlarına müraciət ünvanlayıb

Azərbaycan Memarlar İttifaqının üzvləri dünya mədəni irs təşkilatlarına müraciət ünvanlayıb

Tarix: 24 Noyabr 2020 23:51

Bakı. Trend:

Azərbaycan Memarlar İttifaqının üzvləri dünya mədəni irs təşkilatlarına müraciət ünvanlayıb.

Trend-in məlumatına görə, müraciətdə deyilir:

"1992-ci ildən başlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun ağır nəticələri dünya birliyinə yaxşı məlumdur. Bu problemin yaranması Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində meydana gəlmişdir. Mahiyyət etibarı ilə münaqişənin nəticəsindən faydalanmaq istəyən Ermənistan, Azərbaycanın 20% ərazisini, o cümlədən Dağlıq Qarabağı eyni zamanda Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam və Kəlbəcər rayonlarını işğal etmişdir.

Erməni işğalını pisləyən BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaçqınların öz doğma yerlərinə qaytarılması tələb olunsa da, Ermənistan bu sahədə BMT-nin səylərinə və çağırışlarına məhəl qoymur. Ermənistanın işğalı nəticəsində bu ərazilərdə Azərbaycanın 23 muzeyinə məxsus 102 757 eksponat, 4 Dövlət Rəsm qalareyasına məxsus 376 rəsm əsəri, 927 kitabxanaya məxsus 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 5300 memarlıq abidəsi, o cümlədən 2261 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidələri, 50 000 ədəd şəxsi kolleksiyalarda saxlanan tarixi əhəmiyyətli mədəni-irs nümunələri Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində dağıdılmış, məhv edilmiş və ya ölkədən çıxarılaraq mənimsənilmişdir. Bundan başqa 365 klub, 761 kitabxana, 193 mədəniyyət evi, 310 məbəd, 72 məscid, 199 kurqan, 161 qədim qəbiristanlıq, 184 qədim yaşayış yerləri, 165 inanc yeri və ziyarətgah, 39 türbə erməni işğalçıları tərəfindən dağıdılaraq yox edilmişdir.

Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin fəsadları yalnız ərazilərin zəbt edilməsi ilə bitmir. Bu təcavüz genişmiqyaslı, çoxistiqamətli xarakter daşıyır. Təcavüz Ermənistanın işğalı altında qalan milli-mədəni dəyərlərin məhv edilməsi, ya da erməniləşdirilməsi ilə müşayiət olunur. Belə ki, Füzuli şəhərinin yaxınlığında yerləşən, 700 min il əvvələ aid olan, Avropa insanının ilk yaşayış məskənlərindən sayılan Azıx mağarası dünyanın nadir mədəni sərvətlərindəndir. Erməni işğalçıları bir müddət bu mağaranı silah anbarına, müəyyən dövrdə isə əsgərlərin silahatma məşqlərinin keçirildiyi yerə çevirmiş, sonra isə xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar apararaq, Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirmək, yalnız əraziləri deyil, tarixi də mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğul olmuşlar.

Hazırki şəraitdə Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü qabarıq şəkildə göstərir. Ermənilər işğal altında olan Azərbaycan ərazilərində yüzlərlə tarixi-dini və mədəni abidələri məhv ediblər və ya bu və ya digər şəkildə zərər vurmuşlar. Erməni işğalçılar tərəfindən məqsədli şəkildə onlarla kurqanın, insan məskənlərinin, qəbristanlıqların, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi Azərbaycan tarixinə və mədəniyyətinə ciddi zərbə vurmuşdur.

Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan, ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problem olaraq qalır. Bu baxımdan Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrinin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Eyni zamanda “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasıda təsbit edilən müddəalara əsasən silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər, beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur.

Ermənistan beynəlxalq səviyyədə qəbul edilmiş bu normaları kobud şəkildə pozaraq 30 il işğalda saxladığı ərazilərdə tarixi memarlıq irsinə məhvedici zərbələr endirimiş, islam abidələrini dağıtmış, xristian alban abidələrini falsifikasiya etmiş, dırnaqarası “bərpa” edərək erməniləşdirməyə çalışmış, Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntılar aparmış, bu qazıntılarda aşkar edilmiş və Qarabağ muzeylərində toplanmış antefaktları oğurlayaraq Ermənistana aparmışlar.

Müxtəlif dövrlərdə Azərbaycanda müxtəlif dinlərin mövcud olması Dağlıq Qarabağda da insan cəmiyyətinin ictimai həyatına böyük təsir göstərmişdir. Azərbaycanın bütün bölgələrində olduğu kimi Qarabağda da xristianlıq və müsəlmanlığın yanaşı inkişafı və eyni zamanda onların birinin digərini əvəz etməsi Azərbaycanın memarlıq abidələrinin tikintisində də özünü göstərmişdir. Bu isə Azərbaycanda multikulturalizm ənənələrinin necə dərin qatlara söykəndiyinin əyani göstəricisidir. Hal-hazırda bu mədəni irsin ermənilər tərəfindən vandalizmə uğradılması qəzəb doğurur.

Ermənistanın təcavüzü və işğalı nəticəsində Azərbaycana konkret maddi və mənəvi zərər vurulmuşdur və bu zərərə görə işğalçı dövlət kimi Ermənistan Azərbaycan qarşısında məsuliyyət daşıyır.

Beləliklə 30 il ərzində baş verən hadisələr Ermənistanın bütün beynəlxalq sazişləri pozaraq Azərbaycanın tarixi mədəni irsinə qarşı təcavüz həyata keçirdiyini göstərir. İşğaldan azad olunan kənd və şəhərlərin bugünki acınacaqlı görüntüləri bir daha ölkəmizə nə qədər böyük ziyan vurulduğunu göstərir və ermənilərin vandalizmini nümayiş etdirir. Erməni lobbisinin təsiri altına düşmüş bir qrup insanlar real təcavüz və vandalizm aktlarına göz yumaraq ehtimal edilən “təcavüz” barədə beynəlxalq təşkilatlara həqiqəti əks etdirməyən müraciətlərini pisləyirik və onların mədəni irsin qorunmasına yox, Azərbaycanın imicinə kölgə salmağa və haqq işinə xələl gətirməyə yönəldiyini bəyan edir, ermənilərin beynəlxalq hüquqa zidd əməllərinin araşdırılıb hüquqi qiymətləndirilməsi üçün beynəlxalq təşkilatların bu məsələyə diqqətini cəlb edirik".

Azərbaycan Memarlar İttifaqının üzvləri adından, Elbay Qasımzadə

Memarlar İttifaqının İdarə heyətinin sədri, Əməkdar memar,
Beynəlxalq Memarlar İttifaqının Şura üzvü.


Etiketlər:  Azərbaycan Memarlar İttifaqının üzvləri dünya mədəni təşkilatlarına müraciət ünvanlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ