Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2020 15:45
Azərbaycan Dağ Yəhudiləri Dini İcması işğaldan azad olunmuş torpaqlarımızda ermənilərin törətdikləri vandallıq və ekoloji terror aktları ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, icmanın sədri Milix Yevdayevin imzası ilə beynəlxalq qurumlara ünvanlanan məktubda işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı 27 sentyabr 2020-ci il tarixli hücumu təxribat kimi qiymətləndirilib. Məktubda qeyd edilib ki: "Azərbaycanın mülki əhalisi və hərbi qulluqçuları arasında itkilərə səbəb olub. Bir çox evə və mülki obyektə ciddi ziyan dəyib".
Yəhudilər tarixi, mədəni və mültikultural dəyərlərlə zəngin olan Azərbaycanda 2000 ilə yaxındır sülh və təhlükəsizlik şəraitində yaşayırlar: "Milliyyətindən və irqindən asılı olmayaraq qanuna tabe olan hər kəs bu ölkədə sülh və əmin-amanlıq içində yaşaya bilər. Tam əminliklə bəyan edirəm ki, azərbaycanlılar sülhsevər, tolerant və mültikulturalizm dəyərlərə sadiq insanlardır".
Azərbaycanın Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və digər ərazilərində ermənilərin törətdikləri ekoloji terroru hiddətlə pislədiyini deyən M.Yevdayev qeyd edib ki, Şuşa şəhərinin ətrafındakı Topxana meşəsinin qadağan olunmuş ağ fosforun tətbiq olunması ilə yandırılması, eləcə də ağacları kəsib, meşələri yandırmaqla Kəlbəcərin ətraf mühitinə qəsdən ziyan vurulması çiddi ekoloji çinayətlərdir.
İcma rəhbəri beynəlxalq təşkilatları ekoloji terrorizmi öz təcavüzünün aləti kimi istifadə edən Ermənistanın təxribatlarına, o cümlədən dünya ictimaiyyətini aldatmağa yönəlmiş dezinformasiyalarına uymamağa, ədalətli mübarizəsində Azərbaycan xalqının və dövlətinin tərəfində olmağa, bu cinayətlərin qarşısını almaq və Ermənistanı dayandırmaq üçün səyləri birləşdirməyə çağırıb.