Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2019 20:55
Bakı. Trend:
İyulun 8-də günün ikinci yarısında sessiyada üzv dövlətlər ilə Ümumdünya İrs Komitəsi, məşvərətçi orqanlar arasında əməkdaşlıq protokolu, prosessual qaydalarına dair yeni qərar layihəsi geniş müzakirə edildi.
Trend-in məlumatına görə, əsas müzakirə mövzusu komitənin növbəti sessiyasında müzakirəyə çıxarılacaq nominasiya ilə bağlı son məlumatların məşvərətçi orqanlarına fevralın 28-dək çatdırılması tələbi oldu. Nümayəndə heyətləri qərar layihəsinə əlavə edilmək üçün təkliflər irəli sürdülər. Bənd-bənd müzakirə edilən qərar qəbul edildi.
İkinci müzakirə edilən layihə Asiya, Afrika, ərəb dövlətləri qrupu, Karib dənizi ölkələri, Avropa və Şimali Amerika üzrə hesabatların dinlənilməsi oldu. İlk hesabatı Çin təqdim etdi. Məruzəçi Asiya və Sakit okean regionunda təhlükə altında olan məkanları ziyarət etmələri, seminarlar keçirmələri barədə ətraflı məlumat verdi.
Ardınca da Afrika və ərəb dövlətləri qrupunun hesabatları dinlənildi və iradsız qəbul edildi. Ərəb qrupu üzrə məruzəçi hərbi münaqişələrdən əziyyət çəkmiş Liviya, Suriya və İraqda abidələr ilə bağlı xüsusi monitorinqlər keçirildiyini vurğuladı. Karib və Latın Amerikası ölkələri üzrə məruzədə regionda baş vermiş təbii fəlakətlərin nəticələri öyrənilmiş, mədəni risk qrupuna daxil olan məkanlar nəzərdən keçirilmişdi.
Avropa və Şimali Amerika regionu üzrə hesabat məruzəsində vurğulandı ki, onlar 39-cu sessiyada qəbul edilmiş tədbirlər planı üzrə öz fəaliyyətlərini davam etdiriblər. Sonra katiblik bir il ərzində görülmüş işlər, mühüm sənədlərin alt-regionların işlək dilinə tərcümə edildiyi barədə məlumat verildi. Hesabatlara əlavələr olmadığı üçün müzakirəsiz qəbul edildi.
Ümumdünya İrs Komitəsi və məşvərətçi orqanların hazırladıqları növbəti sənəd mədəni sahələrin siyahıdan çıxarılması prosedurlarının təkmilləşdirilməsinə həsr olunmuşdu. Hesabat dinlənildikdən sonra Norveç, Burkina Faso, Azərbaycan öz fikirlərini bildirdilər. Sənəd qeyd şərtsiz qəbul edildi.
Sonra iclasın sədri – Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev növbəti məsələni elan etdi: qarışıq nominasiyaların siyahıya daxil edilməsi üzrə proseslərdə irəliləyiş haqqında Ümumdünya İrs Komitəsi ilə İCOMOS-un birgə təqdimatı dinlənildi. Təkliflər nəzərə alınmaqla sənəd qəbul edildi.
Sonuncu təqdim edilən sənəd Ümumdünyav İrs Komitəsinin siyasi sənədlər toplusu oldu. Bildirildi ki, toplunun elektron variantı Koreya Respublikası hökumətinin maliyyə dəstəyi ilə hazırlanıb. İki variantda hazırlamış sənəd toplusu getdikcə daha da təkmilləşdiriləcək. Sənəd təsdiq edildi.
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 9-da işini davam etdirəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin