Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 16:12
Diametri 1 200 mm olan "Mozdok-Qazıməmməd" yüksək təzyiqli magistral qaz kəmərində Qaz İxrac İdarəsi 2 gün ərzində təmir işləri aparacaq.
Bu barədə Sonxeber.net.-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, kəmərin 332 və 335-ci kilometrliyində korroziyaya uğramış 120 metrlik hissəsinin noyabrın 28 və 29-u tarixlərində mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır və bu zaman kəmərdə qazın nəqli müvəqqəti olaraq dayandırılacaq.
Bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq. Bununla yanaşı, "Siyəzən Quşçuluq" fabrikinin qaz təchizatının alternativ mənbə olaraq "Yaşma-Siyəzən" qaz kəmərindən təmin edilməsi nəzərdə tutulur.
Xaçmaz Regional qaz istismarı İdarəsindən verilən məlumata görə "Mozdok-Qazıməmməd" magistral qaz kəmərinin 339-423-cü kilometrliyində balon hissədə olan ehtiyat təbii qazın həcmi ilə adları çəkilən rayonlardakı həyati əhəmiyyətli obyektlərin müəyyən müddətə təbii qazla təmin olunmasına çalışılacaq.