Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 20:36
Bütün dünyada alimlərin və tədqiqatçıların gərgin əməyi sayəsində koronavirusa qarşı vaksinlər yaxın vaxtlarda əlçatan ola bilər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin Baş katibi Antonio Quterreş bunu BMT-nin Baş Assambleyasının Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycanın təşəbbüsü ilə keçirilən pandemiyaya qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiyasındakı çıxışında bəyan edib.
Pandemiya başlayan andan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elmi məlumatlara əsaslanaraq koronavirusa qarşı birgə mübarizə aparmağı təklif edirdi, ancaq bu tövsiyələrə hamı qulaq asmırdı. Antonio Quterreş deyib: "Bu mübarizədə hər ölkə öz yolunu seçəndə virusun qarşısında bütün yollar açıq olur". O xatırladıb ki, bu gün qlobal əməkdaşlığa həmişəkindən daha çox ehtiyac var, çünki bəşəriyyət ümumi düşmənlə üzləşib.
Antonio Quterreş COVID-19-a qarşı vaksinlərin, həmçinin bu xəstəliyin müalicəsi üzrə vasitələrin hər kəs üçün əlçatan olmasını təmin etməyə yönəldilmiş təşəbbüsləri xatırladıb. Baş katibi bu əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsi üçün maliyyə vəsaitinin çatışmazlığından şikayətlənərək xəbərdarlıq edib: "Hazırda 28 milyard dollar çatmır, o cümlədən təcili olaraq, ən yaxın iki ay ərzində 4,3 milyard dollar lazımdır".
Antonio Quterreş pandemiya ilə əlaqədar kəskinləşmiş başqa problemləri, o cümlədən qlobal atəşkəs, qızların və qadınların zorakılıqdan müdafiəsi, yalan məlumatlara qarşı mübarizə problemlərini və onların həlli üzrə BMT-nin təkliflərini də xatırladaraq deyil. O deyib: "Gəlin, özümüzü aldatmayaq. Təkcə vaksinlə pandemiyanın nəticələrini aradan qaldıra bilməyəcəyik, bu nəticələr hələ illər boyu, bəlkə onilliklər boyu hiss olunacaq".
BMT-nin Baş Assambleyasının Sədri Volkan Bozkır xatırladıb ki, COVID-19-un geniş yayılması cəmiyyətin ən zəif üzvlərinə daha ciddi təsir edib. V.Bozkır beynəlxalq ictimaiyyəti inandırıb ki, BMT pandemiyanın nəticələrini aradan qaldırmaq üçün əlindən gələni edəcək.
BMT tarixində xüsusi sessiyalar Təhlükəsizlik Şurasının tələbinə görə və ya təşkilatın üzvlərinin əksəriyyətinin təşəbbüsü ilə çağırılır. Budəfəki Xüsusi Sessiya Qoşulmama Hərəkatının təşəbbüsü ilə keçirilir və pandemiyaya qarşı mübarizə problemlərinə həsr edilib. Xatırladaq ki, bu Hərəkat hərbi bloklarda iştirak etməmə prinsiplərini əsas götürən 120 dövləti birləşdirir.
Xüsusi Sessiyada Qoşulmama Hərəkatının adından hazırda bu beynəlxalq təşkilatda sədrlik edən ölkənin - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Prezident İlham Əliyev, o cümlədən COVID-19-a qarşı mübarizə vasitələrinin hər kəs üçün əlçatan olmasının təmin edilməsi sahəsində çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.