Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyana verilən vaxt bitdi - Ermənistan yeni təhlükə ilə üz-üzə

Paşinyana verilən vaxt bitdi - Ermənistan yeni təhlükə ilə üz-üzə

Tarix: 8 Dekabr 2020 11:42

44 günlük müharibənın ağır məğlubiyyəti ən çox Nikol Paşinyanın planlarını alt-üst etdi deyə bilərik. Azərbaycan ordusu təkcə düşmən ölkənin silahlı qüvvələrini yox, bütün erməniçiliyi Paşinyanın kapitulyasiya aktına qol çəkməsi ilə rüsvay duruma saldı. Hələ müharibədən qabaq ordusu, havadarları barədə yüksək fikirdə olan Paşinyan və erməni cəmiyyəti hələ də baş verənlərin şokundan ayıla bilmir.

Noyabrın 10-dan bu günə İrəvan küçələrindən yığışmayan etirazçılar, müxalifət tərəfdarları Paşinyana istefa vermək üçün vaxt da qoydu. Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyana istefaya getməsi üçün verdiyi 3 günlük möhlət bu gün bitir. Paşinyan ya baş nazir postundan istefa verəcək, ya da Ermənistanı daha böyük etiraz dalğası bürüyəcək. Paşinyan və komandası göstərilən vaxtadək istefa verməsə, bütün Ermənistan ərazisində mülki itaətsizlik hərəkətləri başlayacağı, ölkənin vətəndaş müharibəsi ilə üzləşəcəyi istisna edilmir.

Amma görünən odur ki, Paşinyan postundan imtina etmək fikrində deyil. Hakimiyyətə gələrkən rəsmi Kreml ilə məsləhətləşməyən Paşinyanı bu gün ən çox dəstəkləyən də məhz Rusiyadır. Məlum bəyanatın sona qədər icrası üçün Paşinyanın Kreml tərəfindən dəstəklənəcəyi də artıq şübhə doğurmur. KTMT-nin son iclasında Rusiya dövlət başçısı Vladimir Putinin səsləndirdiyi "Ermənistanın hazırkı baş nazirinə dəstək göstərmək vacibdir. Çünki məhz o, bu çətin qərarın verilməsinə görə məsuliyyəti öz üzərinə götürüb" fikirləri də bunu bir daha təsdiq edir.

Hərçənd, ermənilər Paşinyandan umduğunu görə bilməsə də, bugünkü faciəvi mənzərənin memarı heç də təkcə Paşinyan deyil. Azərbaycan Prezidenti İlham Əliyevin də ifadə etdiyi kimi, biz keçmiş kriminal rejimin yaratdığı ordunu darmadağın etmişik. Paşinyan cəmi 2 il yarımdır hakimiyyətdədir. Ermənistan isə 30 ilə yaxındır Qarabağda müdafiə istahkamları qurur, bura silah və texnika yığırdı. Biz Koçaryan, Sarkisyan ordusunu məhv etdik. Ermənistanda bugünkü faciəvi mənzərənin memarları həm də Sarkisyan-Koçaryan cütlüyüdür.

Artıq Ermənistan müxalifəti Paşinyana əvəzləyici də tapıb. Belə ki, Ermənistanda 17 müxalif partiya Vazgen Manukyanın namizədliyini baş nazir vəzifəsinə təklif edib. Bunu erməni lobbisinin beynəlxalq antitürk koalisiyası yaratmaq yolunda ilk həmləsi də adlandırmaq olar. Amma hadisələrin gedişi heç də Ermənistan üçün müsbət nəsə vəd etmir. Vazgen Manukyan Rusiya ilə müttəfiqlik əlaqələrinin möhkəmləndiyini, antitürk koalisiyasına daxil olmağa çalışdığını bəyan edir, halbuki bu, əslində, bir-birini inkar edən hərəkətlərdir. Çünki artıq Rusiya ilə Türkiyənin ilk dəfə bu qədər yaxınlaşdığını görməzdən gəlmək Ermənistana növbəti faciədən başqa heç nə vəd etmir. Elə bu faciəni ilk hiss edənlərdən biri də Qarabağın işğalı zamanı Ermənistana rəhbərlik etmiş Levon Ter-Petrosyan oldu. Ermənistanın ilk prezidenti ölkədə hakimiyyət uğrunda güclənən mübarizədən narahatlığını bildirib. Ter-Petrosyanın fikrincə, baş nazir Nikol Paşinyanla müxalifətin bu posta namizəd göstərdiyi Vazgen Manukyanın iradəsindən asılı olmayaraq, bu qarşıdurma hər hansı bir təxribata görə vətəndaş müharibəsinə çevrilə bilər. O bildirib ki, bu isə Ermənistan dövlətçiliyinin sonu ola bilər.

Amma Vazgen Manukyanın da o posta gəlməsi nəyisə dəyişəcək kimi görünmür. Rusun daha çox köləsi olacaq. Regionda və dünyada baş verən geosiyasi dəyişikliklər isə Rusiyaya Ermənistana görə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan kimi starteji müttəfiqindən və dünyada söz sahibinə çevrilən Türkiyəni qarşısına alacağı indiki dövr üçün mümkünsüz görünür. 

Paşinyan indi iki qərar qarşısında - ya istefa verəcək, ya da hakimiyyətinə davam edəcək. Paşinyanın istefası Ermənistanın xaosa sürüklənməsi ilə nəticələnəcək. Amma postunda qalması da bir şeyi dəyişməyəcək, qarşıdurmanı gücləndirəcək. Paşinyan 44 günlük müharibənin rüsvayçı məğlubiyyətindən sonra Ermənistan cəmiyyətindən 6 ay vaxt istədi. O, guya vəziyyəti, ordunu düzəldəcəyi vədlərini verdi. Amma Paşinyan 6 ayda heç bir dəyişiklik edə bilməyəcək. Bu hərbi texnikanı yenidən bərpa etmək üçün Ermənistana uzun 10 illiklər lazımdır. Ermənistan taqətdən düşüb. Elə bir vəziyyətdədir ki, ekspertlərin də bildirdiyi kimi, bizimlə ən azı 20-30 il müharibə edəcək halı yoxdur. Əsas odur ki, Rusiyanın da bu müharibədə marağı yoxdur.

Bəs 6 ay Paşinyana nəyə görə lazımdır? Paşinyan bu müddətə erməni cəmiyyətinə məğlubiyyəti həzm etdirmək fikrindədir. O, 6 aya terapiya müddəti kimi baxır. 

Azərbaycanda isə fərqli hadisələr cərəyan edir. Bu gün Bakı qələbə paradına hazırlıq əhval-ruhiyyəsindədir. Azərbaycan dekabrın 10-da nəzərdə tutulan bu paradla beynəlxalq aləmə Vətən Müharibəsindəki qələbəsini rəsmən elan etmiş olacaq. Görünən isə odur ki, Ermənistanda artıq Bakıda keçiriləcək paradın sarsıntılarını hiss edirik. 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Paşinyana verilən vaxt bitdi Ermənistan yeni təhlükə ilə üzə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ