Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 19:12
Deyirdim Emin, özündən muğayət ol, istəyirəm gələsən. Deyirdi ki; "Gələcəm 1 həftəyə, qardaşım, görüşəcəyik" elə qismət oldu ki, sözünün üstündə durdu, gəldi, amma canlı gələ bilmədi.
Sonxeber.net xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişi şəhid Vüsal Məmmədovun evlərində olub və onunla bağlı ətraflı süjet hazırlayıb.
Bu sözləri öz dostu, aprel şəhidi Emin Bağırov haqqında danışarkən demişdi Vüsal. Ama tale çox amansız bir oyun oynadı. Bir vaxt onun qurduğu cümlələri indi içi yana-yana bacısı söyləyir...
Gülnarə Məmmədova (Şəhidin bacısı): "O da mənə söz vermişdi ki, Gülüş narahat olma gələcəm, hər şey yaxşı olacaq. Eyni cümləni də mən ona işlədirəm ki, həqiqətən, gəldi, amma sağ gəlmədi, cənazəsi gəldi. Mən heç vaxt gözləmirdim və inana bilməzdim ki, mən öz qardaşımın, nəfəs aldığım insanın tabutunu görəcəm".
Mahirə Məmmədova (Şəhidin anası): "O, niyyətli şəhid olub. Oğlum çox vətənpərvər övlad idi".
Gülnarə Məmmədova (Şəhidin bacısı): "Doğrudur, istədiyi arzusuna çatdı, amma bizi yandırdı".
Etibar Hüseynov (Şəhidin dostu): "Döyüşçü olmur, döyüşçü doğulur".
Bəli, doğrudan da, Vüsal döyüşçü doğulmuşdu. Onu tanıyan hər kəs deyir ki, Vüsalın tək amalı olub, o da Vətən!!!
Mahirə Məmmədova (Şəhidin anası): "Vüsal 3 yaşı tamam olmamış atasını itirib. Mən indi fəxr edirəm ki, onu elə qəhrəman vətənpərvər övlad kimi böyütmüşəm. Həmişə deyirdi ki, Qarabağa mən gedəcəm, mən döyüşəcəm".
Nicat Mirzəyev (Şəhidin qrup yoldaşı): "Vüsal bizim 5 illik qrup yoldaşımız olub, yəni həddindən artıq xatirələrimiz var. Bizim bütün qrupun müəllimləri daxil hamı onun xətrini çox istəyirdi, çox mehriban uşaq idi. Vüsal elə bir oğlan idi ki, elə bir qardaş idi ki, bütün institut, bütün Milli Aviasiya akademiyası onu tanıyırdı".
İçindəki vətən sevgisi, ruhundakı qisas hissi tam da universiteti bitirməyinə 2 ay qalmış onu cəbhəyə getməyə sövq edib. Bağrı qan olan ana oktyabrın 1-i onun təxris olacağı günü iplə çəkirdi. Vüsal isə...
Mahirə Məmmədova (Şəhidin anası): "O, 26-sı necə sevinə-sevinə mənə tankdan zəng eləmişdi ki, ana, mən gedirəm, haqqını halla elə, mən döyüşə gedirəm. Birinci Suqovuşan istiqamətində döyüşdülər, ordan yaralanıb çıxmışdı. Zəng elədi ki, ana, Eminin qardaşına de ki, onun qanını almışam, qisasını almışam".
Qəhrəman şəhidimiz ilk günlər Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə şücaətlə vuruşur. Yaralansa da müalicə almaqdan imtina edir və yenidən döyüşə qayıdır. Və elə həmin döyüşlərdən birində, ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalır.
Gülnarə Məmmədova (Şəhidin bacısı): "Deyirdi ki, Gülüş, narahat olma sizə gələcəm, elə qəhrəmanlıqlarımdan danışacam ki, çox qürurlanacaqsız, mənimlə fəxr edəcəksiz. Mən də deyirdim ki, Vüsal, mən, onsuz da, səninlə fəxr edirəm. Komandirləri, əsgər yoldaşları onun qəhrəmanlıqlarından danışanda deyirəm ki, mən bu 23 ildə heç qardaşımı tanımamışam".
Kamil Haqverdiyev (Şəhidin xalası oğlu): "Əsgər yoldaşları mənə dedi ki, biz səngərdə dayanırdıq, düşmən bizə atəş açırdı, amma hansı mövqedən atəş açdığını biz bilmirdik. Vüsal özünü qaldırıb sipər edirdi ki, güllə qarşısında mən özümü hədəf seçirəm, baxın görün güllə hansı tərəfdən gəlir".
Etibar Hüseynov (Şəhidin dostu): "Komandirlərindən bir söz var ki, Vüsalın sözünün qabağına söz deyən yox idi. Ona görə yox ki, Vüsaldan qorxurdular, ona görə ki, Vüsala hörmət edirdilər, rəğbət bəsləyirdilər. Tabor komandirləri yaralandı, Vüsal qolundakı bandajı açıb onun başına bağladı, amma halbuki öz qolundan qan fışqırırdı. Bir döyüşçü üçün də ən böyük şərəf hədəfdə şəhid olmaqdır, Vüsal hədəfdə şəhid oldu".
Mahirə Məmmədova (Şəhidin anası): "Onun ürəyinə dammışdı ki, ana, sənin başını dik saxlayacam, ucaldacağam. İndi mən düşünürəm ki, o, bunu nəzərə alıb demişdi, ağrı da olsa, acı da olsa, indi hamı deyəndə ki, o tək sənin balan deyil, bizim də balamızdı, bu bir az fəxrlə bərabər mənə toxtaqlıq verir".
Deyirlər şəhidlik hər kəsə nəsib olmur. Heç sənin də şəhidliyin təsadüfi deyildi. Bəs qulaq asdığın və ən sevdiyin mahnının bu olması necə, təsadüf idimi, Vüsal?
Rahat uyu məzarında Vətənin mərd oğlu. Məhz sən və sənin kimi igidlərimiz öz qanınızla 3 rəngli bayramığızı Vətən göylərinə çəkdiniz. Elə çəkdiniz ki, izi heç vaxt silinməyəcək...