Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 15:34
"Oktyabrın 9-u saat 10-un yarısı öz telefonuna zəng gəldi. Dedilər ki, saat 3-də ol Sabunçu Hərbi Komisarlığında, aparırıq".
Bunu Sonxeber.net-a açıqlamasında Vətən Müharibəsinin 2783 şəhidimizdən biri olan Əliyev Camal Xaliq oğlunun qardaşı Cəlal deyib.
Şəhid qardaşı bildirib ki, Camal Xocavəndlə Şuşa arasında gedən döyüşlərdə iştirak edib:
"Telefonu ilə onlayn qaydada könüllü qeydiyyatdan iki dəfə keçibmiş. Birinci dəfə keçib, çağırmayıblar, ikinci dəfə qeydiyyatdan keçəndən bir neçə gün sonra zəng gəldi, getdi. Ağcabədidə olub ilk gün, neçə gün Ağcabədidə qaldıqdan sonra Xocavəndə aparanda bizə, heç kimə heç nə demədi. Sakitcə, xəbərsiz getdi.
Şəhidimin yeddi mərasimindən sonra axşam 10 radələrində mənə zəng gəldi. Dedi ki, Camalın əsgər yoldaşı olmuşam, adı Nurlan idi. Dedi, Camalla birlikdə 11 nəfər olublar, Xocavəndlə Şuşa arasında döyüşlərdə iştirak ediblər.
Deməli, Camal noyabrın 2-si günorta butulkada bir az suyu qalıbmış, ağzını açıb əlini isladıb, on nəfər döyüş yoldaşlarının dodağına vurdu ki, əsgər yoldaşlarının dodaqları qurumasın. Su qurtardı, torpaqla dəstəmaz alıb namazını qıldı. Namazdan sonra komanda gəldi ki, irəli. Noyabrın 2-si günorta 13:00-14:00 arasında həmin ərazi uğrunda döyüşlər zamanı qardaşım Camalla birlikdə altı əsgərimiz şəhid oldu, 5-i sağ qalır.
Noyabrın 4-ü günorta zəng gəldi, onda bildim. O vaxta kimi Camalın şəhid olmağından xəbərsiz idik.
Camalın bir sözü var idi, deyirdi ki, "Ana, qardaşım, şəhid olsam sevinərsiniz. O dünyada iki bacımı görə biləcəyəm". Nə bilim vallah, ondan nə qədər danışsam doymaram. Mən hamıya demişəm, deyirəm, deyəcəyəm də: Məni başa düşün, anlayın məni. Ürəyim ağrayır, sızıldayır, paramparçadır, darmadağındır. Çünki Camalımsız hər şeydən söndüm, çökdüm, yıxıldım.
Camal məni eşidirsə, demək istəyirəm ki, Camal, qardaşım, sənə Camallıq qədər Cəlallıq etmədiyimə görə məni bağışla. Allah xatirinə, şəhidliyinə xatir, yatdığın torpağa xatir, tabutuna xatir haqqını halal et".
Təhməz Əsədov