Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 10:24
Bakı. Trend:
44 günlük Vətən müharibəsinə döyüşçü kimi qatılmış jurnalistlərin siyahısı hazırlanıb.
Trend-in məlumatına görə, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bildirib ki, təmsil etdiyi hər iki qurum 27 sentyabr 2020-ci il tarixdən-Vətən müharibəsinin ilk günündən başlayaraq KİV təmsilçilərinin fəaliyyəti ilə bağlı monitorinq aparıblar, prosesləri diqqətdə saxlayıblar, zərurət yaranan anda uyğun dəstək veriblər: “KİV işçiləri 44 günlük Vətən müharibəsində, cəbhə xəttində həm xəbər istehsalçısı qismində, həm də səfərbərlik proqramı çərçivəsində cəlb edilmiş döyüşçü qismində iştirak ediblər. Media təmsilçilərinin fəaliyyəti hər iki istiqamətdə uğurlu olub”.
Ələsgərli bildirib ki, qeyd edilən dövrdə təqribən 27 nəfər jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb ediliblər, cəbhə xəttinə göndəriliblər. 27 nəfərin sırasından 2 nəfər döyüşlərin gedişində yaralanıblar, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hazırda vəziyyətləri normaldır. Monotorinqlərin nəticəsinə görə, 27 nəfərdən hər birinin xidməti qüsursuz, sağlıqları normaldır. Əlavə olaraq, döyüş bölgəsində səfərbərlik proqramından kənar xidmət keçən, həqiqi hərbi xidmətdə olan sabiq KİV işçisi- ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov oktyabrın 5-də şəhid olub: “Hərbi xidmətin davam etdiyini, təhlükəsizlik amillərini nəzərə alaraq, səfərbərlik proqramına cəlb edilmiş, cəbhə xəttinə göndərilmiş həmkarlarımızın adlarını hələlik açıqlamırıq. Onların geri dönüşündən sonra daha detallı informasiyalar veriləcək. Müşahidələrimiz, təmaslarımız davam edir”.
Şəhid olan həmkarlarımıza rəhmət, xəsarət alanlara şəfa, xidmətini davam etdirənlərə sağlıq və uğurlar diləyirik!
Cəbhə bölgəsində reportyor, xəbər istehsalçısı kimi fəaliyyət göstərən, atəşə, hücuma məruz qalan, xəsarət alan jurnalistlərlə bağlı ayrıca hesabat hazırlanır və yaxın günlərdə təqdim ediləcək