Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 16:55
Bakı. Trend:
Türkiyə və Azərbaycanın sənət adamlarını bu dəfə bir araya gətirən incəsənət oldu. Belə ki, iki ölkənin sənət adamları Azərbaycanın tarixi qələbəsi və şəhidlərimizi yad etmək üçün “Azərbaycan və Türkiyə qardaşlığı” mövzusunda beynəlxalq simpozium təşkil etdilər.
“Askerov ART Studio” və “Sami Evrukan Anadolu liseyi” ilə birlikdə keçirilən sipmozim “Zoom” proqramı ilə baş tutdu.
Layihənin Türkiyə üzrə koordinatoru, Bursa Mudanya Sami Evkuran Anadolu liseyinin müdiri Seyfəddin Yıldırım Trend-ə açıqlamasında bildirdi ki, Azərbaycanın Qarabağda əldə etdiyi zəfər qardaş Türkiyənin də sevincinə səbəb olub: “Bu zəfərlə 30 illik bir acımız başa çatdı. Mənim ailəm də yüz il bundan əvvəl Azərbaycan qaçqınlarının yaşadığı çətinlikləri yaşayıb. Bu səbəbdən el obadan ayrı düşməyin, qaçqınlığın nə olduğunu çox yaxşı bilirik. Azərbaycan bu 30 il ərzində torpaqlarımızı sülh yolu ilə geri qaytarmağa çalışsa da bu, mümkün olmadı. Qəhrəman Azərbaycan əzəli torpaqlarını müharibə yolu ilə işğaldan azad etdi. Bu müddət ərzində biz də xaricdəki azərbaycanlılar olaraq gecə-gündüz, gözümüz, qulağımız Azərbaycandan gələn gözəl xəbərlərdə oldu. Çox şükür ki, “Qarabağ Azərbaycandır!” deyərək Xarı bülbül hekayəsindən tutmuş şeirlərimizdə, musiqilərimizdə, rəsmlərimizdə bu sevgini işləməyə çalışdıq. Az da olsa dəstək olmağa səy göstərdik. Bunun üçün “Azərbaycan və Türkiyə qardaşlığı” simpoziumunda iştirak etdik. Əsas məsələ isə bundan sonra başlayır. Qolları çırmalayıb Qarabağı birlikdə abadlaşdırmalıyıq. Bunun üçün qardaş Azərbaycanla hər cür işbirliyinə hazır olduğumuzu göstərməyə çalışaraq bir daha Ata yurdum Azərbaycanın zəfər bayramını təbrik edirəm”.
Simpoziumun Azərbaycan üzrə layihə rəhbəri Rüfət Əsgərov bildirdi ki, layiəhənin “Zoom” proqramı ilə keçirilməsinin bir növ gənc rəssamlara örnək rolunu oynadığını vurğuladı. O, müasir texnologiyanın yaratdığı imkanlarla simpozium keçirməyin mümkünlüyündən danışdı: “Bu simpoziumda hər iki ölkənin gənc rəssamları pandemiyada yeni nələrsə öyrəndilər. Ən əsası iki ölkə arasında qardaşlıq bağları yaranmış oldu. Bu layihə gənc rəssamlara böyük stimul yaratdı”.