Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2020 19:33
Bakı. Trend:
Azərbaycan yazıçııs Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.
Bu material Saleh Nuriyevə həsr edilmişdir...
-Salam Saleh.
- Hər vaxtınız xeyir.
- Bir az danışaq?
- Əlbəttə!
- Saleh, sən texniki kolleci bitirmisən?
- Bəli, əkiz bacım da oranı bitirmişdi.
- Kim olmaq istəyirdin?
- Nə bilim, fikirləşməmişəm (gülür).
- Yaxşı, bəs planların var idi?
- Hə, belə bir yer açmaq istəyirdim ki, kişilər ayri, ailələr ayrı otursunlar.
- Marağlıdır. Əslində mən də elə düşünürəm. Kafelərə, restoranlara ailəvi gedərkən mühit də ona bənzər olmalıdır.
- Təbii. Ona görə belə fikirlərim var idi... Amma qismət məni müharibəyə gətirdi...
- Heyfslənirsən?
- Qətiyyən, belə olmalı idi. Əslində dostlarım da yanımda...
- Saleh, harda idin o an?
- Cəbrayılda...
- Anan bilirdi... O sənin şəkillərini yuxuda divardan asılmış görmüşdü.
- Ana ürəyidi də. Siz soruşdunuz ki, heyfslənirəmmi? İndi də fikirləşirəm ki, anama, bacılarıma mənim bu həyatdan köçməyim o qədər dərd gətirdi ki...
- Heç deməyə sözüm də yoxdur.
- Hə, nə deyəsiz ki, olan olub.
- Saleh, sehirli ağacın olsaydı nə edərdin?
- Birinci Qarabağ müharibəsi olmayaydı kaş... Bilirsiniz dayım 92-də itkin düşüb Ağdamda, həmişə deyirdim ki, onun ruhu şad olsun. Bilirdim ki, dayımın səsin elə Qarabağda duyacağam.
- Duydun?
- Hə (gülümsəyir). Bizimkilər məni bir dəfə müharibədən qaytardılar. Daşkəsəndən məni Gəncəyə gətirdilər. O zaman çox hirsləndim, amma bacardım və qayıtdım.
- Niyə, Saleh?
- Bəs necə? Dayım o vaxt özünü qurban verib, mən getməyim?
- Saleh, adətən söhbətin axırında sual verirəm, amma bu səfər özüm demək istəyirəm ki, İlahədən söz almışam ki, o məni toyuna çağırsın.
- Nə dedi?
- Söz verdi ki çağıracaq.
- Dedisə çağırar. Mən də gələrəm, yuxarıdan izləyərəm (gülümsəyir). Sevirəm hamınızı, möhkəm olun!