Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 20:00
Çinin "Sinovac Biotech" şirkəti Braziliyaya COVID-19-a qarşı peyvəndin növbəti partiyasını yola salır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yeni növ koronavirusa ümumi yoluxanların sayına görə dünyada üçüncü yerdə olan Braziliyaya ikinci partiya da - təxminən 1,91 milyon doza "CoronaVac" peyvəndi göndəriləcək. Birinci partiyada 600 litr peyvənd göndərilib ki, bu da təxminən 1 milyon doza deməkdir. Ondan əvvəl isə tədqiqat məqsədilə 120 min doza peyvənd də təqdim olunmuşdu. Braziliyada "Sinovac Biotech" şirkətinin COVID-19-a qarşı peyvəndinin 3-cü mərhələ kliniki sınaqları iyul ayından aparılır.
"Sinovac Biotech" ölkədaxili istifadə ilə yanaşı, hazırda İndoneziya və Türkiyəyə çatdırılmaq üçün peyvənd hazırlayır. Şirkət ildə 600 milyon doza "CoronaVac" peyvəndi istehsal etmək gücündədir.
Qeyd edək ki, "Sinovac Biotech" şirkətinin istehsalı olan "CoronaVac" Çində COVID-19-a qarşı hazırlanan 14 peyvənddən 3-cü kliniki mərhələdə sınaqları aparılan 3 vaksindən biridir. "CoronaVac" təsirsiz hala gətirilmiş (inaktivləşmiş) peyvənddir. Onun hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan, bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Bu vaksinin əsas üstünlüklərindən biri onun adi soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsidir. İlkin nəticələrə görə, 95-97 faiz effektivliyə malikdir.