Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 15:10
Bakı. Trend:
ABŞ-ın Pensilvaniya ştatında yaşayan azərbaycanlı rejissor Elmar Bayramov növbəti uğura nail olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, həmvətənimizin rejissoru olduğu "Ladybug" ("Uğur böcəyi") qısametrajlı filmi Florida ştatının Koko Biç (Cocoa Beach) şəhərində keçirilən "15 Minutes of Frame" film festivalinda “Ən yaxşı sosial film” nominasiyası üzrə qalib olub. Autizm sindromlu uşaqlara həsr edilən filmdə Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudovun ifasinda “Laçın” mahnısı səsləndirilib.
Qeyd edək ki, Azərbaycandan ABŞ-a köçən Elmar Bayramov Pensilvaniya ştatında rejissor kimi çalışır. Onun “Oops” qısametrajlı filmi də bir müddət əvvəl "Urban Action Showcase" festivalında “Döyüş” nominasiyası üzrə ən yaxşı film seçilib və "Let me run" filmi "Best USA Film" ("Ən yaxşı ABŞ filmi") nominasiyası üzrə qalib olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi olaraq soydaşımızı əldə etdiyi uğurları münasibətilə təbrik edir və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.