Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Adları da taleləri kimi oxşar, ata-oğul şəhidlər - REPORTAJ - VİDEO - FOTO

Adları da taleləri kimi oxşar, ata-oğul şəhidlər - REPORTAJ - VİDEO - FOTO

Tarix: 18 Dekabr 2020 23:10

Pərvin İsgəndərov tək oğul olsa da, atasının qisasını almaq üçün Vətən müharibəsinə yollanıb. Ağstafa rayonunun Qarahəsənli kəndində doğulub boya-başa çatan Pərvin üzünü görmədiyi atası Pərviz İsgəndərov Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Atasının yeganə xatirəsi, tək övladı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şəhid Pərvinin də atası kimi özündən sonraya bir oğul övladı qalıb, ona da atasının adını qoyub. Şəhidin nənəsi Əntiqə İsgəndərova nəvəsinin 25 il sonra atasının qisasını yerdə qoymadığını söyləyib: "Mən buna şükür edirəm. Balam torpaq uğrunda getdi, atasının qanını yerdə qoymadı. Bütün şəhidlər qarşısında baş əyirəm. Çox şükür ki, bu gün Qarabağımız azad olundu. Övladlarımın qisası alındı. Atası da şəhid oldu, balası da", - deyə bildirib.

Şəhid Pərvin İsgəndərov müharibənin ilk günündən könüllü olaraq döyüşlərə qatılıb. Məqsədi Vətən torpaqlarını azad etmək, şəhid atasının qanının yerdə qalmaması idi. Son damla qanınadək savaşdı və buna nail oldu. Müzəffər ordumuz isə onun qanını artıqlaması ilə almış oldu.

Əmisi Əziz İsgəndərov Pərvinin vətənə bağlı övlad olduğunu deyib: "Dedi̇, əmi̇, atamın qisasını alacam. Torpaqlarımız düşmən tapdağında niyə qalmalıdı. Müddətdən artıq hərbi qulluqçu kimi işləməyə başladı. Qazaxda xidmət edirdi. Buradan könüllü müraciət edib ki, döyüşməyə gedirəm. Füzuli istiqamətində döyüşüb. Orada da şəhid oldu. Oktyabrın 12-si şəhid xəbəri gəldi", - deyə əmisi bildirdi.

Digər əmisi Tariyel İsgəndərov Pərvinin yaxşı idmançı olduğunu, onunla fəxr etdiyini söyləyib: "Pərvin idmanı çox sevirdi. Güləşlə məşğul olurdu. Hərbi xidmətində dəniz xüsusi təyinatlısı olmuşdu. Hər yarışda ilk yerləri qazanırdı. Müharibə başlayanda Füzuli istiqamətində döyüşlərə girdi. Füzuliyə gedəndə əlaqə saxlayırdıq. Oradan tapşırırdı ki, harada olduğumu nənəmə deməyin. Nənəm bilsə, narahat olacaq".

İsgəndərovlar ailəsi hər gün şəhidlərin məzarını ziyarət edirlər. Əmiləri Pərvinin xatirəsini əbədiləşdirmək üçün kənddə dayanacaq da qurur.

Milli.Az


Etiketlər:  Adları da taleləri kimi oxşar ata oğul şəhidlər REPORTAJ VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ