Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir sıra hakimlər korrupsiyaya görə intizam məsuliyyətinə cəlb edilib

Bir sıra hakimlər korrupsiyaya görə intizam məsuliyyətinə cəlb edilib

Tarix: 12 Iyul 2019 15:46

Bakı. Trend:

Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Gəncə İnzibati-iqtisadi məhkəməsinin sədri Natiq Abbasovun və hakimi Kamil Rzayevin, Göygöl rayon məhkəməsinin hakimi Rafiq Məmmədovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib.

İclasda dövlət başçısının “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı üzrə görülən işlər müzakirə edilib.

Çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi qüdrətinin daim artdığını, sosial yönümlü mühüm qərarların qəbul olunduğunu vurğulayıb, ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq məhkəmə fəaliyyətinin də müasirləşdirildiyini qeyd edib.

Bildirilib ki, Fərmanın icrası üzrə məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmə fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması və s. məsələlər üzrə qanunvericiliyə əsaslı dəyişiklikliklər nəzərdə tutan mühüm layihələr hazırlanaraq təqdim olunub.

Artıq bəzi qanun layihələri bu ərəfədə Milli Məclis tərəfindən qəbul edilib. Yeni qanunvericiliyə uyğun olaraq sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrə bu sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və daha çevik baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələrin – Kommersiya məhkəmələrinin yaradılması təsbit olunub. Ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşmasına əlavə təkan olacaq bu məhkəmələrdə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə baxılması nəzərdə tutulur.

Həmçinin, hakimlərin müstəqilliyinin təmin edilməsi məqsədilə onların maddi təminatının yaxşılaşdırılmasına, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edən digər mühüm qanunlar qəbul edilmişdir. Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş bu qanunlar ölkəmizin məhkəmə sisteminin daha effektiv fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaqdır.

Tədbirdə Fərmana uyğun olaraq hakim ştatlarının sayının 200 vahid artırılmasının iş yükünün azalmasına, bununla da süründürməçilik hallarının qarşısının alınmasına, işlərə vaxtında və keyfiyyətlə baxılmasına xidmət edəcəyi vurğulanıb. Ölkəmizdə tətbiq olunan hakimlərin seçilməsi Qaydasının Avropada ən şəffaf və obektiv seçim üsulu kimi qiymətləndirildiyi bildirilib, müasir İKT-lər tətbiq olunmaqla namizədlər üçün daha əlverişli şəraitin yaradılması və çevikliyin təmin olunması məqsədilə Qaydalara müvafiq dəyişikliklər edilib.

Şurada hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə yaradılmış “Qaynar Xəttin” fəaliyyəti təqdir olunub. Qeyd edilib ki, Fərmanın icrası üzrə yaradılmış monitorinq sektorları tərəfindən məhkəmələrdə mütəmadi monitorinqlər keçirilərək qeyri-prosessual münasibətlərə şərait yaradan və vətəndaşların haqlı narazılığını doğuran pozuntular dərhal aradan qaldırılmaqla, yol verilən nöqsanlar hakimlərin və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb.

Vətəndaşlar üçün əlverişli şərait yaradılması və yol verilən nöqsan və çatışmazlıqların yerində aradan qaldırılmasının təmin edilməsi məqsədilə bilavasitə məhkəmələrdə qəbulların keçirilməsi təcrübəsinin yaradılması təqdir olunaraq, qəbul günləri barədə əvvəlcədən internet resurslarında müvafiq elanların yerləşdirilməsi məqsədəmüvafiq bilinib.

Fərmanda qarşıya qoyulmuş vəzifələrin icrası üzrə həmçinin, hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığın daha da artırılması, bu sahədə tətbiq edilən meyarların təkmilləşdirilməsi məqsədilə Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Metodologiyasının yeni layihəsi, habelə məhkəmə monitorinqlərinə dair qaydalar hazırlanıb.

Eyni zamanda iclasda Fərmandan irəli gələn məsələlər üzrə əlavə tədbirlər müəyyən olunub, təcrübəli hakimlərin və könüllülərin Şuranın fəaliyyətinə daha geniş cəlb olunması, intizam icraatları üzrə qərarların profilaktik təsirinin gücləndirilməsi, xarakterik və digər nöqsanların qarşısının alınması məqsədilə onların yerində hakimlərlə müzakirəsinin təşkili qərara alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  sıra hakimlər korrupsiyaya görə intizam məsuliyyətinə cəlb edilib


RƏYLƏR