Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 15:51
Azərbaycan müstəqillik qazanandan sonra, xüsusilə də Ulu öndər Heydər Əliyevin dönmindən bu yana müstəqil xarici siyasət yürütmək prinsipinə üstünlük verdi.
Bunu Sonxeber.net-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.
Sədr müavini bildirib ki, balanslaşdırılmış xarici siyasətimiz imkan verdi ki, böyük dövlətlərin təsiri altına düşməyək:
"Dövlətimizin xarici siyasəti ilə bağlı müxtəlif zamanlarda müxtəlif yanaşlamalar var idi. Bir qrup xüsusilə qərb dövlətləri ilə daha sıx münasibətlərdə olmağın tərəfdarı idi, bir qrup Rusiya və digər region dövlətləri ilə xarici siyasətə üstünlük verməyin tərəfində idi. Amma elə o dövrlərdən indiyə kimi Azərbaycan dövləti balanslaşdırılmış xarici siyasətə üstünlük verdi. Bu gün də biz Qarabağ savaşında əldə etdiyimiz zəfərə baxanda Azərbaycanın xarici siyasətinin daha düzgün qurulduğunun şahidi olduq. Çünki bildiyiniz kimi, birmənalı şəkildə hansısa dairələrlə, hansısa xarici dövlətlərlə birmənalı münasibətlər quranda böyük dövlətlər Azərbaycan kimi kiçik dövlətləri xüsusilə öz təzyiqləri altında saxlamağa cəhd edirlər, öz planlarını diqtə etmək barədə düşünürlər. Amma balanslaşdırılmış xarici siyasət bizə imkan verdi ki, heç bir böyük dövlətin təsiri, təzyiqi, diqtələri altına düşməyək. Bu gün də biz bunun nəticəsini gördük".
A.Abdulkərimov qeyd edib ki, bu gün Azərbaycan dövləti öz vətəndaşını hər şeydən üstün tutur:
"Azərbaycan dövlətinin daxildə idarə edilməsində demokratik prinsiplərə üstünlük verilir. Azərbaycan xüsusilə də Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dönəmlərdə daim islahatlar, yeniliklər dönəmindədir. Biz burada çox misallar gətirə bilərik ki, Azərbaycan dünyaya öz nümunələrini ixrac etməklə bağlı artıq proses aparır və bunun timsalında biz "Asan xidmət"i, DOST təşkilatını göstərə bilərik. Yəni, bunlar dünya dövlətləri üçün bir örnəkdir və Azərbaycandan götürülən yeniliklərdir, innovativ yanaşmalardır. Bax bu da bizə imkan verir ki, Azərbaycanın daxilində insan amilinə Azərbaycan dövləti çox ciddi fikir verir, Azərbaycan dövləti öz vətəndaşını hər şeydən üstün tutur, Azərbaycan dövləti sosial ədalətə söykənən bir dövlətdir. Yenə deyirəm, burada vətəndaşın hüququ hər şeydən üstündür. Ona görə də biz bütün bu proseslərin fonunda, bütün bu proseslərin məntiqi nəticəsi olaraq güclü ordu quruculuğuna nail ola bildik, bu uzun illər ərzində ordumuzu gücləndirdik, iqtisadiyyatımızı gücləndirdik və bir an da olsun belə Qarabağın işğal altında olan torpaqlarımızdan vaz keçmədik. Düzdür, sülh prinsiplərinə sədaqətimizi və səmimiyyətmizi də göstərməklə yanaşı, daim müharibəyə və torpaqlarımızın işğaldan azad olunması prosesinə hazırlaşdıq. Elə onun sonluğu, məntiqi nəticəsi olaraq da Azərbaycan 30 il ərzində işğalda olan torpaqlarını cəmi 44 günə işğaldan azad etdi".
"Bu gün Azərbaycan dövləti qalib dövlətdir, Azərbaycan dövləti regionun söz sahibidir. Azərbaycan bu zəfərdən sonra yaxın zamanlarda regionun açar dövlətinə çevriləcək və regionda olan böyük dövlətlər arasında körpü vasitəsini oynayacaq. Bu da bizim gələcəkdə həm hərbi, həm iqtisadi qüdrətimizi artıracaqdır. Bununla da Azərbaycanın balanslaşdırılmış xarici siyasəti daxildə olan vətəndaş amili, dini konfensiyalara münasibətinin yaxşı olması, tolerant yanaşması və bütün bunların hamısının toplu nəticəsi olaraq Azərbaycan dövlətinin yaxın zamanlarda qüdrətli bir dövlətə çevrilməsinin şahidi olacağıq", - Arzuman Abdulkərimov deyib.
Təhməz Əsədov