Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 22:22
Xaçmazın Qaradağ Buduq kəndindən olan şəhid gizir Elməddin Alxaslı Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, əsgərlik vaxtı Murov silsiləsindəki döyüş mövqelərində xidmət edən Elməddin sərrast atıcı kimi tanınırdı. Artıq altı ildən çox idi ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi çalışırdı.
26 yaşlı Elməddin həm cənub, həm də şimal cəbhələrində döyüşərək düşmənə qan uddurub. Döyüşlərə Cəbrayıl, Füzuli istiqamətindən başlayan qəhrəman kəşfiyyatçı daha sonra Suqovuşanın azad olunması uğrunda əməliyyatlarda iştirak edib.
"Elməddin yaxşı övlad, yaxşı oğul olub. Uşaqlıqdan, məktəb illərindən tərbiyəsi ilə seçilib. Əsgərlikdə də Murovda xidmət edib. Sonra öz istəyi ilə hərbidə işləməyə başladı. Müqaviləsi başa çatanda dedim ki, bəlkə, başqa sahədə çalışasan? Amma razı olmadı. Aprel döyüşlərindən sonra yenidən xidmətə qayıtdı. Sentyabrın 27-də bacısına zəng edib deyib ki, müharibə başlayıb, döyüşürük. Şəhid olsam, anamdan muğayat ol", - deyə şəhidin anası Əsli Alxasova söyləyib.
Müharibə günlərində evlə əlaqə saxlayan Elməddin düşmən cəbhəsini yararaq irəlilədiklərini bildirib. Şiddətli döyüşlərin getdiyini söyləyən gizir, ailəsini hər cür xəbərə hazır olmağı tapşırıb.
"Müharibədən əvvəl danışanda deyirdi ki, ata, əmr gözləyirik. Axırıncı dəfə oktyabrın 1-də danışdım. Ordumuzun Suqovuşan istiqamətində irəlilədiyini söylədi. Həmin gün axşam anası ilə danışdı. Gecə isə döyüşlərdə şəhid oldu", - deyə şəhidin atası Rəsul Alxasov bildirib.
Bacısı Sevil Alxasova Elməddinin döyüşlər haqqında həmişə yüksək əhval-ruhiyyə ilə danışdığını deyir: "Qardaşım vətənpərvər idi. Onun elə bil ürəyinə dammışdı. Müharibədən bir neçə gün əvvəl mənə şəkillərini göndərib yazırdı ki, bunları özündə saxla. İndi həmin şəkilləri böyüdüb çərçivəyə salmışıq. Qardaşım deyirdi ki, mən Azərbaycan bayrağına bükülü gələcəyəm".
Elməddin Alxasov oktyabrın 2-də Qaradağ Buduq kənd qəbiristanlığında dəfn olunub. Qəhrəman döyüşçü ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.