Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Freedom House'' daltonizm mərəzinə tutulub, Vaşinqtonda baş verənləri görə bilmir…

''Freedom House'' daltonizm mərəzinə tutulub, Vaşinqtonda baş verənləri görə bilmir…

Tarix: 7 Yanvar 2021 14:33

Dünyanın gözü Vaşinqtondadır. Donald Tramp tərəfdarlarının qiyam etməsi, yanvarın 6-da Kapitoliyə girib Konqresin işini pozması, prezident seçkilərinin nəticələrinin  təsdiqləməsinin dayandırılması günümüzün ən qaynar olayıdır.  Qiyamın baş verməsi nə qədər qeyri-adidirsə, qiyamın yatırılması üçün güc strukturlarının sərgilədikləri münasibət də bir o qədər təsirlidir. Polisin sərt  davranışı nəticəsində qısa bir zaman kəsiyində 4 nəfər öldürülüb, 52 nəfər həbs edilib. Prosesin gedişində rəqəmlərin artacağı istisna deyil. "Washington post" qəzeti dünya liderlərinin olayla bağlı münasibətini dərc edib

(https://www.washingtonpost.com/dc-md-va/2021/01/06/dc-protests-trump-rally-live-updates/). Böyük Britaniyanın baş naziri Boris Johnson, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, NATO Başçısı Jens Stoltenberg, Fransa Xarici İşlər Naziri Jean-Yves Le Drian və digərləri baş vermiş iğtişaşları "demokratiyaya qarşı ağır bir hücum" adlandırıblar. Onlar öz bəyanatlarında qiyamçılarla yanaşı, polisin şiddətini də qınayıblar. Polisin hərəkətləri adekvat olmayıb, güc tətbiqi bütün standartları aşıb. Öldürülənlər təsadüfi, sıradan biriləri deyillər. İğtişaş zamanı güllələnərək öldürülən biri, 35 yaşlı qadın Ashli Babbitt ABŞ Hərbi Hava Qüvvələri qazisidir. Həbs edilənlər, polisin ifrat güc tətbiqindən xəsarət alanlar  sırasında da tanınmış ismlər var.

Çox maraqlıdır ki, dünyanı şoka salan, hər kəsi təəccübləndirən bu hadisələri "görməyənlər" də var. Hansılar ki, olayı hər kəsdən tez görməli, detallı məlumat yaymalı, münasibət bildirməliydilər. Polisi ifrat güc tətbiq etməkdən çəkinməyə çağırmalı, etirazçıları dinləməyi tələb etməli idilər. Bu sırada "Freedom House" təşkilatı ön cərgədə dayanır.  İnsan hüquq müdafiəçiliyini inhisara alan, bu sahədə beynəlxalq "monopolist"ə çevrilən, dünya ölkələrindən az qala hər saniyə bir məlumat yayan "Freedom House" nədənsə Vaşinqtonda baş verənləri görmür, münasibət bildirmir. Yanvarın 6-da baş verən olayla bağlı təşkilatın yalnız bir açıqlaması var. Buna da bəyanat yox, sözün həqiqi mənasında nağıl demək mümkündür. Çünki, bəyanatın içində nə həbs edilənlər, nə öldürülənlər, nə də polis zorakılığı barədə bircə kəlmə söz açılmır. Təşkilatın prezidenti  Michael J. Abramowitz adından yayılan açıqlama ümumilikdə iğtişaşın yolverilməzliyini ifadə edir (https://freedomhouse.org/article/united-states-freedom-house-condemns-political-violence-washington).

Birmənalı şəkildə demək mümkündür ki, əgər buna bənzər, hətta, bundan dəfələrlə aşağı ranqlı hadisə dünyanın başqa bir ölkəsində baş versəydi, "Freedom House" tufan qoparar, dünyanı ayağa qaldırar, həmin ölkəni ən ağır tənqidlərə tuş edərdi. Necə ki, Azərbaycana münasibətdə belə davranır.  Təşkilatın saytına baxanda görürük ki, 2020-ci ilin parlament seçkiləri zamanı  "Freedom House" 12 bəyanat verib. Bu bəyanatlarda güya seçicilərin hüquqlarının pozulduğu, deputatlığa namizədlərə qarşı normal davranılmadığı, seçkidən sonra keçirilən dinc etiraz aksiyalaının qarşısının polis tərəfindən alınması ifadə edilir. Zamanında da yazmışdıq ki, Azərbaycana arşı tənqidlərdə ifrata yol verilib, olmayan hadisələr də uydurularaq bəyanatlar verilib. İndi isə fərqli bir durumdur. Vaşinqtonda dnyanın ən səs-küylü insidenti baş verib, qiyam olub, insanlar öldürülüb, amma "Freedom House" bunları "görmür".

"Freedom House" təşkilatı ənənəvi olaraq "Dünyada azadlıq" hesabatını açıqlayır. Hesabatda təsnifatı aparılan ölkələr "azad", "qismən azad", "qeyri-azad" olmaqla 3 qrupa bölünürlər. Hər kateqoriyanın öz rəngi var: yaşıl rəng  "azad", sarı rəng "qismən azad", qara-çəhrayı rəng isə "qeyri-azad" ölkələri simvolizə edir. Xəritədə  ABŞ həmişə yaşıl rəngdə göstərilir. Hansı ki, bu rəngi dəyişmək üçün həmişə arqument olub. Son 3 il müddətində isə bu arqumentlərin sayı kəskin şəkildə artıb. Dünyanı şoka salan Jamal Khashoggi olayı və ABŞ prezidentinin bu olaya "qeyri-adi" münasibəti, prezident Donald Trampın CNN müxbiri ilə "güləşməsi" ABŞ-ın neqativləri sırasına yazılıb. 2020-ci il mayın 28-də ABŞ Prezidenti D.Tramp "Onlayn senzuradan müdafiə barədə" Sərəncam imzalayıb və sosisal şəbəkələrin fəaliyyətini nəzarətə almağa çalışıb, ifadə azdlığını məhdudlaşdırıb. İndi də ABŞ dövləti seçkiləri saxtalaşdırmaqda ittiham olunur. Seçkinin saxtalaşdırıldığını görən vətəndaşlar qiyam edirlər. "Freedom House" isə yenə də ABŞ-ı yaşıl rəngdə, azadlıq simvolu kimi verir. Belə çıxır ki, təşkilatı idarə edənlər daltonizm mərəzinə tutulublar, rəngləri qarışdırırlar "Freedom House" ABŞ-la yanaşı, ABŞ-ın maraq dairəsində olan ölkələri qara-çəhrayı  rənglə boyaya bilməz, uzun illərin təcrübəsi bunu  göstərir. Amma fakt da faktdır, hər şey dünyanın gözü qarşısında baş verir. Təşkilat həmin faktları görməzdən gəlməklə, öz obyektivliyini şübhəyə salır.

Müşfiq Ələsgərli


Etiketlər:  Freedom House daltonizm mərəzinə tutulub Vaşinqtonda baş verənləri görə bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ