Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2021 11:50
Bakıda avtomobilləri qaçırdıqdan sonra salonundakı aksesuarları söküb satan dəstə üzvləri saxlanıb. Polis həmin şəxslərin ətrafında araşdırma apararkən müəyyən edib ki, onlar paytaxtın başqa rayonlarında da analoji cinayət törədiblər.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, avtomobilləri qaçırıb salonunda olan aksesuarları söküb satan şəxslər saxlanıb.
Xətai Rayon 37-ci Polis Şöbəsinə "UPD" qəsəbə sakini məlumat verib ki, naməlum şəraitdə "VAZ-2104" markalı avtomobili qaçırılıb. Dərhal başlanan əməliyyat tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Ramazanov saxlanıb.
Məlum olub ki, bu işdə Amin Ramazanov tək olmayıb. Onunla birlikdə rayon ərazisindəki avtomobillərə qənim kəsilən Bəxtiyar Cəlilov və Şahin Nəcəfov da saxlanıb. Onların üzərlərinə baxış keçirilərkən hər birinin üzərindən narkotik vasitə də aşkarlanıb. Amin Ramazanov əsasən rusiya istehsalı olan maşınları qaçırdıqlarını bildirib.
Bəxtiyar Cəlilov deyib ki, onları bu işə Amin Ramazanov cəlb edib. Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda iki ''Vaz'' markalı avtomobili qaçırdıqları və bir ''Reno'' markalı avtomobildən oğurluq etdikləri məlum olub.
Xətai rayon polis idarəsində aparılan araşdırma zamanı saxlanan şəxslərin paytaxtın Nizami və Sabunçu rayonlarında da avtomobil qaçırdıqları faktları üzə çıxıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.