Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 16:12
Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov Türkiyədə fəaliyyət göstərən Akdemİstanbul dil kurslarının baş direktoru Dr. Muammed Ağırakça ilə onlayn görüş keçirib.
Aİİ-dən Trend-ə bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Aİİ-nin rektoru Aqil Şirinov ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Bildirib ki, İnstitut təhsilalanların ilahiyyat sahəsi üzrə mütəxəssis kimi yetişmələri üçün ixtisasın əsas dillərindən olan ərəb dilinin təkmilləşdirilməsində maraqlıdır. Aİİ rektoru həmçinin qeyd edib ki, tələbələrin dil biliklərinin artırılması üçün əlavə kurslar da fəaliyyət göstərir.
Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov tələbələrə keçirilən ərəb dili fənni haqqında məlumat verib. Bildirib ki, təhsilalanlar İnstitutda ərəb dili ilə yanaşı, ingilis və fars dillərini öyrənirlər. Bu fənlərin tədrisi əsasən 4 dil bacarığının mükəmməl öyrədilməsi yönündə aparılır.
Daha sonra Akdemİstanbul dil kurslarının baş direktoru Dr. Muhammed Ağırakça təmsil etdiyi qurum haqqında məlumat verib. Bildirib ki, Türkiyə Təhsil Nazirliyinin tərkibində özəl olaraq fəaliyyət göstərən Akdemİstanbul dil kurslarında ərəb dilinin tədrisi aparılır. Eyni zamanda nəşr işlərinin həyata keçirildiyini, 250-dən artıq kitabın çap olunduğunu bildirib. Dr. Muhammed Ağırakça Akdemİstanbul dil kurslarında ərəb dili səviyyəsinin öyrənilməsi üçün sınaqların həyata keçirildiyini, ixtisasartırma kurslarının fəaliyyət göstərdiyini qeyd edib.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu ötən dövr ərzində tələbələrin ixtisaslarına daha dərindən yiyələnmələri, bilik və bacarıqlarının təkmilləşdirilməsi yönündə xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif universitetlər, təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələri yaradır.