Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 10:36
ABŞ-ın yeni Prezidenti Co Baydenin Rusiyaya nüvə silahı müqaviləsini 5 il uzatmağı təklif edəcəyi məlum olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya və NATO-nu məmnun edəcək təklifi Ağ Ev də təsdiqləyib.
Ağ Ev sözçüsü Cen Psaki keçirdiyi mətbuat konfransında yeni administrasiyanın Rusiya ilə bağlı siyasəti barədə vacib açıqlamalarla çıxış edib. O bildirib ki, müddəti fevral ayında başa çatacaq "Yeni strateji silahları azaltma anlaşması"nın ("New START") beş il uzadılması planlaşdırılır.
Onun sözlərinə görə, Bayden bu qərarı ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun hesab edir: "New START" Rusiyanın nüvə gücünü məhdudlaşdıran tək anlaşmadır".
Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq hər iki ölkəyə "New START"ı uzatmağı təklif etmişdi. Buna görə qərarın NATO-nu da məmnun edəcəyi bildirilir.
Xatırladaq ki, müqavilə 5 fevral 2010-cu ildə Rusiyanın sabiq Prezidenti Dmitri Medvedev və ABŞ-ın eks- Prezidenti Barak Obama arasında imzalanıb. Müqavilənin əsas şərti nüvə başlıqlarının sayını 1550-ədək endirməkdir.