Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 15:16
Uelsin "Nyuport Kaunti" komandasının ingiltərəli qapıçısı Tom Kinq uzaq məsafədən vurduğu qolla rekord qırıb.
Sonxeber.net oxu.az-a istinadla xəbər verir ki, o, İngiltərə Liqa 2 çempionatında (III divizion) "Çeltnem Taun"la keçirilən görüşün 12-ci dəqiqəsində küləyin də köməkliyi ilə 96,01 metrdən (105 yard) qol vurub.
Bununla da o, Ginnesin Rekordlar Kitabına düşüb. Kinqədək bu rekord "Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviçə məxsus idi. Həmin vaxt "Stouk Siti"də çıxış edən bosniyalı qapıçı 2013-cü ilin noyabrın 2-də oyunun başlamasından 13 saniyə sonra "Sauthempton"a 91,9 metrdən (100,50 yard) qol vurmuşdu. Onun rekordu 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşmüşdü.
Qeyd edək ki, anası Uelsin paytaxtı Kardifdə doğulduğu üçün Tom Kinq 2019-cu ilin noyabrın 7-də bu ölkənin millisinə çağırılıb. Bu, Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan və Macarıstanla oyunları olub. Lakin həmin görüşlərdə futbolçu əsas heyətə düşə bilməyib.