Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən Müharibəsində iştirak edən ŞİRKƏT RƏHBƏRİ: Kinolarda gördüyüm... - FOTO

Vətən Müharibəsində iştirak edən ŞİRKƏT RƏHBƏRİ: Kinolarda gördüyüm... - FOTO

Tarix: 30 Yanvar 2021 11:00

"6 fevral 1989 cu ildə Bakıda doğulmuşam. Hazırda evliyəm, 8 aylıq oğlan övladım var. Biznes universitetini bitirib 2010-cu ildə Gəncədə N saylı hərbi hissədə qulluq etmişəm. Şirkət sahibiyəm. Həm rəhbər, həm də təsisçilərdən biriyəm".

Bunu Milli.Az-a açıqlamasında Vətən Müharibəsinin iştirakçısı Tağıyev Həsənağa Vaqif oğlu deyib.

O bildirib ki, şəhid olacağımı düşünüb yoldaşımla halallaşdım:

"29 sentyabr 2020 ci il tarixində səfərbərlik xidmətindən zəng gəldi. Və elə həmin günün axşamı Bakıda N saylı hərbi hissəyə göndərdilər. Oktyabrın 5-də isə gecə saat 2-3 radələrində həyacan verildi. Və bizi - bütün briqadanı cəbhə bölgəsinə apardılar. 

İlkin gəldiyimiz yer Füzuli rayonu olub. Buradakı N saylı hərbi hissədə yerləşdikdən sonra təlimlərə başladıq. Lakin təlim yeni başlamışdı, əmr gəldi ki, döyüşə getməliyik. Təlim yarımçıq qaldı. Normal bir təlim keçmədən döyüş bölgəsinə yollandıq. Cəbrayıl rayonunda erməni işğalından azad olunmuş postlara nəzarət etməyə başladıq. İki gün burada qaldıqdan sonra bizə yeni tapşırıq verildi və Xocavənd rayonunun Hadrut qəsəbəsinə hücuma keçdik. 

Hadrut qəsəbəsi 9 oktyabr tarixində erməni işğalından azad olundu. 11 oktyabr bizə Hadruta daxil olub orada post və qəsəbənin müdafiə sistemini qurmaq tapşırığı verildi. Biz Hadruta daxil olmaq üçün dağı aşıb oradan qəsəbəyə daxil olacaqdıq. Günorta vaxtı hücuma keçdik. Yolumuza davam edən zaman ermənilər dronlar vasitəsi ilə yerimizi təyin edib minamyot və snayperlərdən bizi atəşə tutmağa başladılar. Və ətrafda da meşə olmadığı üçün düşmən rahatlıqla bizim yerimizi təyin edə bilirdi. Dağ hündür idi və biz ziqzaqvari dağa qalxırdıq. Top mərmiləri, minamyotlar bizim yaxınlığımıza düşürdü.

Həmin an orada gördüklərim müharibə kinolarında gördüyüm mənzərələr ilə birəbir eyni idi. Dağa qalxan zaman yanına minamyot düşə bilərdi. Qəlpələri ya səni şəhid, ya da ki, qazi edə bilərdi.

Hər dəfəsində yanımıza minamyot düşəndə döyüş vəziyyətini alıb, qulaqlarımızı bağlayıb kəlmeyi-şəhadətimizi oxuyurduq ki, birdən bizim üzərimizə düşsə ən azından şəhid olanda kəlmeyi-şəhadətimizi demiş olaq. Dağın ətəyində olan zaman yanımıza minamyot düşdü və ilk kantuziyamı o zaman aldım və elə ilk şəhidimizi də o zaman verdik. Döyüş yoldaşımız Əhmədov Natiq şəhid oldu. 

Hadrut qəsəbəsinə düşəndə biz taborlarla bölündük ki, qəsəbəni tam mühasirəyə alaq. Hadrut şəhərtipli qəsəbə idi. Mövqeləri aldıq və gecəni dağda yatdıq. Bəxtimizdən günorta günəş çıxırdı onun istisinə isinə bilirdik. Hadrut qəsəbəsi tam təmizlənəndən sonra növbəti missiya Tuğ kəndi idi. Tuğ kəndinə gedənə qədər biz neçə kənddən keçdik. Günə ən azı 10-15 km yolu piyada gedirdik. Çünki maşınlarla getmək çətin idi. Maşınları hədəf olaraq tez vururdular. Təminatımız zəif idi, çünki dağ yeri olduğu üçün qradlarla, minamyotlarla vururdular. Hər dəfəsində dağdan aşağı geriyə - qəsəbəyə düşüb özümüzlə ərzaq qaldırıb yolumuza davam edirdik. Biz Tuğ kəndinə çatdıq. Missiyamız sona çatdı. İki gün burada qaldıqdan sonra əmr gəldi ki, Cəbrayıla geri qayıtmalısınız. Cəbrayıl artıq bizdə idi, düşmən tapdağından azad olunmuşdu. Burada da iki gün qaldıqdan sonra bizə növbəti döyüş tapşırığı gəldi. Bizi növbədə Qarabağın baş tacı olan Şuşa şəhəri gözləyirdi. Biz yenidən Tuğ kəndinə qayıtdıq. Sonra Böyük Tuğ, Tağlar, Azıx kəndlərini keçərək oradakı mövqelərimizi möhkəmləndirdik. Bu kəndləri keçərkən bir neçə döyüşdə iştirak etdik.

Bu istiqamətlər üzrə xeyli şəhid və yaralılarımız oldu. Bizim hərbi hissəmiz mövqelərini gücləndirərək Qırmızı Bazarın sol tərəfində postlar quraraq düşmənə zərbələr endirirdik. Şəhərin giriş çıxışını bağlayıb, nəzarətə götürmüşdük. Ancaq buna baxmayaraq düşmən minamyot və qradlarla bizə hücum edirdi. Və bu minamyotlardan biri mənim olduğum yerə gəlib düşdü. Mənimlə birgə 5 nəfər yaralandı, o vaxt 1 şəhidimiz də oldu. Şəhid bir gün öncə 26 yaşını qeyd etmişdi. Həmin gün gecə biz ona ad günü keçirtmişdik. Çənəmdən, sağ və sol budumdan qəlpə yarası aldım. Sağ olsun döyüş yoldaşlarım, məni və digər yaralıları oradan çıxartdılar. Hərbi tibbi maşınlar o istiqamətdə gələ bilmədiyi üçün bizi sürücü əsgər yoldaşımız maşına qoyaraq döyüş bölgəsindən uzaqlaşdırdı. Maşında olarkən döyüş yoldaşım əsgər sanitar atıcı Cavadov Savalan mənim üzümü sarğı etdi və hər şeyin yaxşı olacağına inandırdı. Hadrut qəsəbəsinə təxliyə olunduqdan sonra oradan da Füzuliyə hospitala göndərdilər. Orada ayağımdan əməliyyat olundum. Qəlpənin birini çıxartdılar. Yüngül kantuziya almışdım. Daha sonra məni Beyləqana təxliyə etdilər ki, müalicəmi orada davam etdirim. 

Biz döyüşdə olduğumuz zaman ən çox yemək və susuzluqdan əziyyət çəkirdik. Bəzən olub ki, 5 gün ac susuz döyüşmüşük. Mövqelərimizi möhkəmləndirirdik. Ermənilərə müqavimət göstərirdik, imkan vermirdik ki, işğaldan azad olunan torpaqlarımızı geri alsınlar. 

İlk Hadrut dağına çıxdığımızda heç yerdə şəbəkə olmadığı bir vaxtda orada şəbəkə tapıldı. Şəhid olacağımı düşünüb, evə zəng vurub yoldaşımla sağollaşdım, halallaşdım. Dedim ki, "Biz hücuma keçirik, 3-4 gün danışa bilməyəcəyəm. Ailə sənə əmanət, özündən müğayət ol". Ən azından sağollaşa bildim. Çünki orada elə döyüşçülər var idi ki, onun son sağollaşmağı idi. 

İndi Şükür Allaha yaralarım sağalıb. Normal həyatıma geri qayıtmışam. Çənə və sağ bud hissəmdə qəlpə qalıb".

Qeyd edək ki, Həsənağa "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Coşqun İsmayılov
Milli.Az


Etiketlər:  Vətən Müharibəsində iştirak edən ŞİRKƏT RƏHBƏRİ Kinolarda gördüyüm FOTO


RƏYLƏR