Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan ya Rusiyanın forpostu kimi qalacaq, ya da əyalətinə çevriləcək''

''Ermənistan ya Rusiyanın forpostu kimi qalacaq, ya da əyalətinə çevriləcək''

Tarix: 30 Yanvar 2021 14:02

"Ermənistanın Rusiyadan qoparılması məncə mümkün olmayacaq".

Bunu Sonxeber.net-a açıqlamasında siyasi ekspert Fərid Əkbərov bildirib.

Ekspert bildirib ki, bu gün Ermənistan cəmiyyətində nə Rusiyaya inam qalıb, nə də ki, Qərbə:

"Birincisi, Ermənistanın Gürcüstan, Moldova və Ukrayna ilə müqayisə olunmasını düzgün hesab etmirəm. Bu ölkələr Ermənistandan fərqli olaraq müstəqil olduğu illərdə Rusiyadan tamamilə asılı olmayıblar. Ermənistan isə bütün varlığı ilə Kremldən asılı olan ölkə olub və indi də belədir. 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlməsi ilə Ermənistanda Qərbə inteqrasiya ilə bağlı yaranan ümidlər özünü doğrultmadı. Daha sonra Qarabağ müharibəsində ağır məğlubiyyətə uğraması, ölkə daxilində siyasi böhranın başlanması Ermənistanın bu gün bir dövlət kimi mövcudluğunu sual altına qoyub. Bu gün Ermənistan cəmiyyətində nə Rusiyaya inam qalıb, nə də ki, Qərbə...

Çünki Qarabağ müharibəsində beynəlxalq hüququn Azərbaycanın tərəfində olması Rusiya və Qərbin birbaşa bu müharibəyə müdaxilə edə bilməməsi ilə nəticələndi. Baxmayaraq ki, 44 günlük müharibə dövründə biz ara-sıra Fransa və ABŞ-dan ermənipərəst yönümlü siyasi bəyanatları eşidirdik. Lakin bütün bunlar ancaq siyasi bəyanatlar səviyyəsində qaldı. Həmin dövrdə rəsmi Moskva isə siyasi bəyanatları ilə neytrallığını qorumağa çalışdı. Bir daha qeyd edirəm, ancaq siyasi bəyanatları ilə... Bununla belə, prezident Vladimir Putin Rusiyanın Ermənistanın müttəfiqi kimi müharibə dövründə balansın qorunması üçün İrəvana hərbi yardımların edildiyini bəyan etmişdi. Bütün bunlar Ermənistan cəmiyyətində suallar yaradıb. Paşinyanın müstəqil, Avropaya inteqrasiya siyasəti vədləri özünü doğrultmasa belə Ermənistanda radikal, anti-Rusiya əhval ruhiyyəli kəsimin çoxluq təşkil etməsi hələ də qalmaqdadır. Bu amildən Paşinyan əslində məharətlə istifadə edir".

F.Əkbərov deyib ki, Rusiyadan tam asılı olan Ermənistanın NATO-ya real inteqrasiya etmək kimi xəyallara qapılması boşunadır:

"Kapitulyasiya aktına imza atan Ermənsitan baş naziri cəmiyyət daxilində müharibədə məğlubiyyətinin əsas səbəbkarı kimi Rusiyanın onlara açıq dəstək verməməsini aşılayır və bu fikir erməni cəmiyyəti tərəfindən dəstəklənir. Bu həm də Ermənistanda yenidən hakimiyyətə gəlmək istəyən Köçəryanın liderlik etdiyi Qarabağ klanının ümidlərinin üstündən xətt çəkir. Kreml də dəstəklədiyi Köçəryanın artıq öz limitini çoxdan doldurduğunu, onun yenidən hakimiyyətə gəlmək şanslarının az olduğunu məncə, yaxşı anlayır. Ona görə də, hesab edirəm ki, Kreml Qarabağla bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata imza atan Paşinyanın bundan sonra da hakimiyyətdə qalmasını dəstəkləyəcək. Artıq regionda Azərbaycan prezidentinin təşəbbüsü ilə irəli sürülən 3+3 (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə İran) əməkdaşlığı yaranmaqdadır. Bunun reallaşması üçün addımlar atılmaqdadır. Regionun nəhəngləri, Ankara, Moskva və Tehran bu əməkdaşlıq formatına müsbət yanaşırlar.

İndi belə bir zamanda İrəvanın Ankara və Moskvanın açar rolu oynadıqları formatdan imtina edib, Qərbə, Avropaya inteqrasiya yolunu tutacağı inandırıcı görünmür. Ən yaxşı halda, yaxın perspektivdə inandırıcı görünmür. Mən, hələ NATO xəyalları barədə danışmıram. 10 ildən çoxdur ki, bu istiqamətdə real addımlar atan Gürcüstan, 2014-dən bu günə qədər NATO-ya real inteqrasiya etməyə çalışan Ukrayna buna nail ola bilməyiblərsə, mövcudluğu Rusiyadan tam asılı olan Ermənistanın bu xəyallara qapılması boşunadır. Hesab edirəm ki, Ermənistanı hazırki geosiyasi vəziyyətdə iki yol gözləyir: ya əvvəlki kimi Rusiyanın forpostu olmağa davam edib, formal müstəqilliklərini qoruyacaqlar, ya da bir dövlət kimi dağılıb, Rusiyanın özü ilə sərhədi olmayan əyalətinə çevriləcəklər. Ermənistan cəmiyyətindəki məntiqli kəsim bunu yaxşı başa düşür. Ona görə də, inanmıram ki, Rusiyaya qarşı münasibətdə Gürcüstanın 2008-ci ildəki və ya Ukraynanın 2014-cü ildəki radikal addımlarını atsınlar. Bu Ermənistan üçün 44 günlük Qarabağ müharibəsindən sonra ikinci fələkat olar".

Təhməz Əsədov


Etiketlər:  Ermənistan Rusiyanın forpostu kimi qalacaq əyalətinə çevriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ