Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 18:18
Bakı. Trend:
Fransanın “Atlantico” portalında “Qarabağın kabus şəhəri Ağdam dirçəlişini gözləyir” adlı məqalə dərc olunub.
Trend-in məlumatına görə, məqalədə deyilir ki, Birinci Qarabağ müharibəsi zamanı bölgədəki çoxsaylı şəhər və kəndlər “böyük Ermənistan” xəyallarını reallaşdırmağa cəhd edən ermənilərin nəzarəti altına keçdi. Müharibə nəticəsində 800 min azərbaycanlı doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrildi. Ermənilər tərəfindən işğal ediləndən sonra Ağdamda müharibədən əvvəlki həyat yoxa çıxdı və şəhər kabus məkana çevrildi. Ağdam sakini olan Tərlan İsgəndərova müharibə zamanı başlarına gələn hadisələrdən danışır. O, həmin vaxt 26 yaşlı ərinin həlak olduğunu, özünün hamilə vəziyyətdə evindən qaçmağa məcbur qaldığını bildirir. “Həyat yoldaşımdan qalan yeganə yadigarım qızımdır. Bütün əşyalarımızı qoyub çıxmalı olduq”, - deyən Tərlan Xocalıda törədilmiş qırğının onların şəhərində də təkrarlanacağından ehtiyat etdiklərini deyir. Köçkünlüyün ilk illərini çadırda keçirən, sonradan dövlətin bağışladığı gözəl mənzildə yaşayan Tərlan Ağdamı tərk edərkən hətta ərinin cəsədini tapa bilmədiyi, bu gün onun bir qəbri belə olmadığını söyləyir.
Jurnalist ermənilərin Ağdamda törətdikləri dağıntılardan bəhs edir. O yazır ki, şəhər talan edilərək dağıdılıb. Bir vaxtlar teatrı, mehmanxanaları, müxtəlif müəssisələri ilə Qarabağın əsas mərkəzlərindən olan Ağdamdan heç nə qalmayıb. Dünyada yeganə olan çörək muzeyi, məşhur Muğam Mərkəzi yerlə-yeksan edilib. Yalnız ermənilərin nəzarət məntəqəsi kimi istifadə etdikləri bir məscid qalıb. Ermənilər hər şeyi, hətta evlərin daşlarını belə söküb aparıblar.
Müəllif onu da diqqətə çatdırır ki, İkinci Qarabağ müharibəsindən sonra ermənilər əraziləri tərk edərkən bütün evləri yandırıb, hər tərəfi minalayıblar. O qeyd edir ki, 2020-ci il noyabrın 20-də Azərbaycana qaytarılmış və geniş xarabalıqdan ibarət olan Ağdamda bu gün minatəmizləyənlər fəaliyyət göstərirlər. Əhalinin doğma evlərinə qayıtmaları üçün zamana ehtiyac var. Azərbaycan hökuməti şəhəri əvvəlki formada yenidən bərpa edəcəyini bildirib.
Jurnalist vurğulayır ki, bu gün bütün məcburi köçkünlərin yeganə bir arzusu var, o da doğma torpaqlarına qayıtmaqdır.