Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2019 13:36
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan gündən-günə daha inkişaf edir və bu inkişaf bütün sahələrdə inkişaf özünü göstərir.
Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, insanların rifah halının yaxşılaşdırılması üçün hökumət mütəmadi addımlar atır, minimum pensiya, əməkhaqqı artır: "2019-cu ilin birinci yarısında Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar insanların rifahına öz müsbət təsirini göstərib".
Baş Nazirin müavini əlavə edib ki, Azərbaycanda sabitlik, əmin-amanlıq ən mühüm amillərdən biridir:
"Dünyada müşahidə edilən təlatümlər, qarşıdurmalar, münaqişələr fonunda Azərbaycandakı sabitlik, insanların təhlükəsizliyi böyük üstünlüklərdən biridir. İnsanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar. Azərbaycan dünya birliyində mövqeyini möhkəmləndirir, böyük beynəlxalq layihələrdə yaxından iştirak edir. Ölkəmiz mövcud resurslarından səmərəli istifadə etməklə dünya birliyinə daha sürətlə inteqrasiya etmək imkanı əldə edir. Bəzi hallarda Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar. Biz buna təəssüf edirik. Aparılan kampaniyada bəzi Azərbaycan vətəndaşlarının iştirakı da bizi narahat edir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin