Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2021 11:54
Dahi şairin irsinin tanıdılması üçün layihə reallaşdırılır
Sonxeber.net Real TV-yə istinadən bildirir ki, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrası ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması münasibətilə "Nizami irsi" layihəsinə start verib. Layihənin məqsədi Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini Çin ictimaiyyətinə daha yaxından tanıtmaq, eyni zamanda, Çin-Azərbaycan ədəbi əlaqələrində Nizami irsinin rolunu araşdırmaqdır.
Kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, "Nizami irsi" layihəsi çərçivəsində il ərzində bir sıra tədbirlərin keçirilməsi planlaşdırırlır.
Nizami Gəncəvi adının Çin oxucusuna tanış olduğunu bilidərn Aqşin Əliyev əlavə edib ki, layihə çərçivəsində dahi şairin poemalarının tam və yığcam hekayə formasında tərcüməsi, ədəbiyyat sərgisinin və elmi konfransların təşkili nəzərdə tutulub.
"Nizami Gəncəvi irsi" layihəsinin icrası ilə bağlı işlərə Azərbaycanın alimləri, Çin şərqşünasları ilə yanaşı gənc tədqiqatçılar , xüsusən də Çində Azərbaycan dilini öyrənən tələbələr də cəlb olunacaq.
Qeyd edək ki, Çinin ən nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan dili üzrə kadrlar hazırlanmasına başlanılıb. Ölkəmizdən kəarda Azərbaycan dili ixtisası üzrə tələbə qəbulu və Azərbaycan dili kafedrası yalnız PXDU-da təşkil olunub.
Kafedra Azərbaycan tərəfinin dəstəyi ilə ötən illər ərzində dəfələrlə ölkəmizlə bağlı tədbirlər keçirib, Azərbaycan həqiqətlərini, dilimizin və mədəniyyətimizin təbliğini elmi yolla reallaşdıran layihələr icra olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə 2019-cu ildə "Nəsimi ili" çərçivəsində universitetdə Azərbaycan dili və ədəbiyyatı sərgisi də keçirilib.