Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər müdafiə zolağının “açıq” qalan hər qarışını minalayıblar

Ermənilər müdafiə zolağının “açıq” qalan hər qarışını minalayıblar

Tarix: 23 Fevral 2021 17:30

Minalanmış sahələrin xəritələrinin və sxemlərinin Azərbaycana verilməməsi Ermənistan tərəfinin mehriban qonşuluq şəraitində gələcək fəaliyyətlərə hazır olmadığını bir daha nümayiş etdirir. 

Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, hazırda 10-20 sm dərinlikdə basdırılan minaların, iqlimin təsiri ilə bəzən daha dərinlikdə aşkarlanması hallarına da rast gəlinir:

"Ermənistan ordusu son 25 ildə yüz kilimetrlərlə uzanan cəbhə xəttində taktiki cəhətdən sıx və eşalonlu müdafiə yaratmaq üçün çox sayda qoşun və resurslarına malik olmaması səbəbindən əsas zirehli qüvvələrini Azərbaycanın hücumu ehtimal olunan istiqamətlərdə cəmləşdirilməsinə üstünlük vermişdi. Müdafiə zolağının "açıq" qalan əraziləri isə minalarla bağlanırdı. 


Ermənistan Ordusu Qarabağda, əsasən, Sovet istehsalı olan tank əleyhinə TM-62, piyada əleyhinə PMN-2 və yerli istehsal PMN-E minalarından istifadə edib. Ermənistan ordusunun mina sahələrinin xəritələrini də bu günə qədər Azərbaycan tərəfinə təqdim etməməsi təmizləmə prosesini bir qədər də uzadır. Hava şəraitinin təsiri altında minaların zamanla sıradan çıxması və mina sahələrinin "yenilənməsi" də ərazilərdə mövcud olan mina sıxlığının artmasına səbəb olan faktorlardandır. Hazırda 10-20 sm dərinliyində basdırılan minaların, iqlimin təsiri ilə bəzən 35 sm dərinlikdə aşkarlanmasına da rast gəlinir. Bəzi sursatların isə boş torpaqlarda daha dərinə nufuz etməsi də təmizləmə prosesinin templərinə mənfi təsir göstərir".

Ə.Verdiyev deyib ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməməsi bir daha mülki insan həyatına verdikləri "dəyəri" göstərir:

"Təbii ki, ola bilər bütün ərazilərin sxemləri düşmən tərəfindən tərtib edilməyib və yaxud da onların qorunması üçün lazımi şəraitlə təmin olunmayıb. Lakin bu, o demək deyil ki, Ermənistanın əlində bu xəritələr yoxdur. Tamamı olmasa belə onların bir hissəsi Ermənistan ordusunda mövcuddur. Həmin xəritələrin Azərbaycan tərəfinə verilməməsi Azərbaycanın minatəmizləmə proseslərinin daha ləng getməsinə hesablanıb.

Onların bu addımı, təbii ki, Azərbaycanın minatəmizləmə proseslərinə mane olmayacaq. Lakin bu prosesin bir qədər daha uzun müddətdə yerinə yetirilməsinə səbəb ola bilər. İstənilən halda Azərbaycan öz tərəfdaşları, xüsusilə də Türkiyənin və Avropanın bir sıra şirkətlərini bu işə cəlb etməklə işğaldan azad edilən bu əraziləri qısa müddətdə təmizləmək və həmin ərazilərdən qaçqın, köçkün düşmüş insanlarımızı ən qısa müddətdə o yerlərə qaytarmaq məqsədi daşıyır.

Həmin xəritə və sxemlərin Azərbaycana verilməməsi həm də daha çox sayda, xüsusilə də mülki insanlarımzın xəsarət alması ilə nəticələnəcək ki, bu da bir daha Ermənistanın mülki insan həyatına verdiyi "dəyərin" bir göstəricisidir".

Təhməz Əsədov


Etiketlər:  Ermənilər müdafiə zolağının açıq qalan hər qarışını minalayıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ