Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2021 14:24
Son zamanlar Rusiya mətbuatında Birinci Qarabağ müharibəsinin Sumqayıt hadisələri ilə başladığı iddiaları səsləndirilməyə başlayıb. Xatırlatmaq istəyirəm ki, ilk qan Sumqayıtda tökülməyib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada Xocalı soyqırımı qurbanlarının anım gecəsində çıxışında bildirib.
Səfir Sumqayıta qədər bir neçə dəfə ermənilərin azərbaycanlılara hücum etməsi, çoxsaylı qətllər törətməsi ilə bağlı tarixi faktları xatırladıb: "1983-cü ilin aprelində qondarma "Soyqırımı Günü" keçirən erməni ekstremistləri Zəngibasarda (indiki Masis rayonu) qırğın törətdilər, toy zamanı Qafarovlar ailəsinə hücum etdilər, 4 nəfər öldürdülər, onlarla azərbaycanlını yaraladılar. Ancaq çoxsaylı şikayət və müraciətlərə baxmayaraq, yerli milis və administrasiya bu şikayətlərə heç bir şəkildə reaksiya vermədi. Hətta Sovetlər İttifaqının mərkəzi orqanlarına müraciət olunandan sonra belə cinayət işi açılmadı. Artıq 1986-cı ildə Azərbaycan əhalisinin demək olar ki, yarısı Ermənistanın Qafan rayonundan qovulmuşdu. 1987-ci ilin oktyabrında, Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən azad edilməsindən sonra isə azərbaycanlıların bütün Ermənistan ərazilərindən kütləvi şəkildə qovulmasına başlanıldı.
1988-ci il 22 fevral tarixində Əsgəran rayonunda iki azərbaycanlı gənc ermənilər tərəfindən qətlə yetirildi. Bu hadisə Azərbaycanda geniş ictimai rezonans doğurmuşdu.
Ermənistandan çox sayda azərbaycanlı əhalinin sıxışdırılması getdikcə artmaqda idi. Azərbaycan məktəbləri bağlanır, azərbaycanlılar kütləvi şəkildə işdən çıxarılır, etnik azərbaycanlılar xəstəxanalarda müalicəyə qəbul edilmir, küçələrdə və ictimai yerlərdə azərbaycanlıların ünvanın davamlı təhdidlər eşidilirdi. 1988-ci ilin noyabrında Ermənistanın Quqark rayonunda (indiki Loris vilayəti) qorxunc hadisələr baş verdi. Erməni silahlıları Vartanlı kəndinə hücum etdilər. Orada 13 azərbaycanlı diri-diri yandırıldı, 70-dən çox insan qətlə yetirildi. Azərbaycanlılara qarşı vəhşiliklər Gümrüdə də baş verirdi. Amasiya rayonunun 21 minlik əhalisinin 18 minini azərbaycanlılar təşkil edirdi, onlar da etnik təmizləmə nəticəsində öz torpaqlarından qovuldular. Ən təəccüblüsü isə Qorbaçov başda olmaqla Sovetlər İttifaqı rəhbərliyinin heç bir şey olmamış kimi davranması idi. Azərbaycanlıların Sovetlər İttifaqının Mərkəzi orqanlarına etdiyi bütün şikayətlər cavabsız qalırdı və ya onlara formal cavablar verilirdi".
P. Bülbüloğlu deyib ki, 1988-ci ilin yanvarında Ermənistandan olan minlərlə azərbaycanlı qaçqın Bakıya axın etməyə başladılar: "Ümumilikdə, təkcə Ermənistan ərazisindən 200 mindən çox azərbaycanlı qovuldu. Bir gecədə əmlakını itirən bu insanların hamısı Bakıda və Sumqayıtda cəmləşdi. Azərbaycan tərəfi sosial gərginliyi aradan qaldırmağa çalışdı, lakin ağrı, qəzəb, küskünlük, yaxınlarının və doğmalarının ölümündən olan itkinin şiddəti unudula bilmədi".
Səfir nəzərə çatdırıb ki, gərgin vəziyyətin yarandığı Sumqayıtda hadisələr əvvəllər üç dəfə məhkum olunmuş etnik erməni olan Eduard Qriqoryan tərəfindən təşkil olunub: "O, soyğunlarda, təcavüzlərdə fəal iştirak etmiş, şəxsən 6 ermənini qətlə yetirmişdi. İstintaq zamanı onun günahı tam sübuta yetirilib və o, mühakimə olunaraq həbs cəzası alıb. Sumqayıtdakı iğtişaşlarda onun iki qardaşı da iştirak edib. Şəxsən mən, həm o vaxt, həm də bu gün Sumqayıt hadisələri ssenarisinin Qarabağda hərbi əməliyyatların başlanması və orada törədilmiş qəddarlığa haqq qazandırmaq üçün açıq bir təxribat olduğunu düşünürəm. Ona görə ki, azərbaycanlıların Ermənistan ərazisindən qovulması erməni separatçılarının böyük planının yalnız başlanğıcı idi. Bu plan ikinci mərhələdə Dağlıq Qarabağın, daha sonra azərbaycanlıların yaşadığı 7 rayonda etnik təmizlənmə ilə davam etmiş oldu".