Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2021 14:36
"Ermənistan tərəfinin Qarabağ ərazisinə tikinti materialları və ya mülki şəxslərin müşayiəti adı altında Ermənistandan əsgər keçirməsi üç tərəf arasında imzalanan birgə bəyanatın şərtlərinə tamamilə ziddir".
Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, əgər belə davam edəcəksə, artıq siyasətçilər deyil, təkrar Azərbaycan əsgəri döyüş meydanında öz sözünü deməyə məcbur olacaq:
"Sülhməramlılar əraziyə yerləşdirilməsi ilə paralel olaraq oradakı Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə məşğul olmaq əvəzinə bölgənin yenidən militarizasiyasını həyata keçirmək niyyətindədirlər. Bu isə onların sülhməramlı funksiyasına qətiyyən uyğun gəlmir. Aidiyyatı qurumlarımız bu barədə Rusiya tərəfinə öz narazılıqlarnı artıq çatdırıblar. Sülhməramlıların fəaliyyətində mövcud olan bu boşluq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından sonra daha aktiv şəkildə aşkarlanması, artıq vəziyyətə müdaxilə etməyimizi tələb edir.
Ermənistan hərbi siyasi rəhbərliyi hələ də Qarabağa əsgər göndərməyin nə qədər təhlükəli və Azərbaycanın geridönüşü mümkün olmayacaq reaksiyalarına səbəb olacağının məsuliyyətini anlamır. Bu fəaliyyətlərin mövcud tempdə davam etməsi, sonunda həmin ərazilərə sülhməramlıları buraxan Azərbaycan tərəfindən onların fəaliyyətinə yenidən baxılmasına şərait yarada bilər. Azərbaycan bu mövzuda ölkə rəhbərliyi səviyyəsində öz mövqeyini artıq qəti olaraq ortaya qoyub - status yoxdur və olmayacaq, deməli Qarabağda Ermənistan silahlısı da olmayacaq.
Əgər Ermənistan tərəfi bu bəyanatları yenə də 25 il əvvəl verilən bəyanatlar kimi görməzdən, eşitməzdən gələrsə, o zaman Azərbaycan əsgərinin təkrar "Dəmir yumruğunun" gücünü təkrar hiss etməli olacaqlar. Onların fəaliyyətləri hazırda bu prosesləri daha da sürətləndirməyə hesablanıb. Bizim əsgərimiz Qarabağdadır, hər zaman döyüşə hazırdır, ordunun da mənəvi ruh yüksəkliyi kifayət qədər yüksəkdir. Onlar isə ermənilərin yaşayışı üçün sülhməramlıların nəzarətinə verdiyimiz ərazilərin daha qısa müddətdə Azərbaycanın yuridiksiyasına keçməsi üçün əllərindən gələni əsirgəmirlər. Əgər belə davam edəcəksə, artıq siyasətçilər deyil, təkrar Azərbaycan əsgəri döyüş meydanında öz sözünü deməyə məcbur olacaq".
Təhməz Əsədov