Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2021 15:54
Prezident İlham Əliyevin göstərişi ilə şəhər və rayon icra hakimiyyətlərində yaradılan Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbələrinin fəaliyyəti davam etdirilir. Quba Rayon İcra Hakimiyyətində yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi 2 əməkdaş - şöbə müdiri və böyük məsləhətçi vəzifələrindən ibarətdir.
İcra Hakimiyyətindən Sonxeber.net-a verilən məlumata görə, yeni yaradılmış şöbəyə qəbul edilmiş əməkdaşlar özləri də 44 günlük Vətən müharibəsinin iştirakçılarıdır. Vətən müharibəsi iştirakçısı, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak edən, ehtiyatda olan leytenant Asəf Şirinov şöbənin müdiri, könüllü olaraq döyüşlərdə iştirak edən Samir Nəcəfov isə şöbənin böyük məsləhətçisi vəzifələrinə təyin edilib. Bu il fevralın 17-dən fəaliyyətə başlayan söbənin əməkdaşları rayondan olan şəhid ailələri və qazilərə mütəmadi baş çəkir, onların problemləri ilə maraqlanırlar.
Qeyd olunub ki, şəhid ailələri, qazilər, vətən müharibəsi iştirakçıları daim Quba Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır:
"44 günlük Vətən müharibəsində 48 həmyerlimiz şəhid olub, 169 həmyerlimiz isə yaralanıb. Bütün şəhidlərimizin dəfn mərasimlərində Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev şəxsən iştirak edib, şəhidlərin məzar daşları RİH başçısı tərəfindən qoyulub, o rayonumuzdan olan və ev şəraitində müalicəsini davam etdirən yüzə yaxın qazini ziyarət edib, onlara ehtiyaclarına uyğun müxtəlif köməkliklər göstərilib, onların xahişlərinə və müraciətlərinə həssaslıqla yanaşıb, bir neçə qazinin evində təmir işləri aparılıb.
Bundan əlavə digər məsul şəxslər tərəfindən də qeyd edilən həssas kateqoriyadan olan vətəndaşlarla dəfədələrlə görüşlər keçirilib, eyni zamanda şəhid ailələrinə və qazilərimizə Rayon İcra Hakimiyyətinin başçısının İƏD-lər üzrə nümayəndələri, bələdiyyələr və digər fiziki və hüquqi şəxslər tərəfindən yardımalar göstərilib".
Əlavə olunub ki, "YAŞAT" Fondu tərəfindən də şəhid ailələrinə və qazilərə köməkliklər göstərilib, hazırda da bu proses davam etməkdədir.
2021-ci ilin fevral ayının 16-sı və 17-sində rayonumuza psixoloqlar dəvət olunub, şəhid ailələri və qazilərimizə psixoloji yardım göstərilib.
Şəhid ailələri və qazilərin bir çoxu özünüməşğulluq proqramına cəlb edilib, bir neçə şəhidin ailə üzvü və qazilərimiz işlə təmin olunub. Şəhid ailələrinin və qazilərimizin mənzil-məişət şəratinin yaxşılaşdırılması, imtiyazlı şəxs kimi mənzil uçotuna alınması istiqamətində işlər aparılmaqdadır.