Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 16:00
"Neftçi" Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda ilə münasibəti rəsmiləşdirmək üzrədir. Zəngin karyeraya malik olan Honda Avropada "Milan", SSKA (Rusiya), "Vitess", Braziliyada isə "Botafoqo" kimi klublarda oynayıb.
Hondanın "Neftçi"yə gəlişi gözlənilməz oldu. Bu transferin "ağ-qaralara"a faydalı olacağını düşünənlər də var, 34 yaşda oyunçunun Mpenza, Essyen kimi ulduzlarla bərabər Azərbaycanda sadəcə, gün keçirəcəyini fikirləşənlər də.
"Neftçi"nin sabiq baş məşqçisi Tərlan Əhmədov qol.az müsahibəsində deyir ki, uzun illərdir çempionluq üzünə həsrət paytaxt təmsilçisinin uğurları bir futbolçudan deyil bütün komandadan asılıdır:
"Ola bilər ki, Hondanın komandaya xeyiri dəysin, ola da bilsin, yaşla əlaqədər uyğunlaşmada çətinlik yaransın. O, bir müddətdir oynamır, eyni zamanda Komboca millisinin baş məşqçisidir. Ümid edək ki, xeyiri dəyəcək. Amma nəyin necə olacağı qarşıdakı 9 turda bəlli olacaq. Bir oyunçu gəlib hər şeyi yerinə qoya bilməz. Yenə deyirəm, ümid edək ki, "Neftçi"yə xeyir dəysin. Həmişə demişəm, milli komadanın uğurlu çıxışı "Neftçi"nin uğurundan aslıdır. Honda gəlib, lakin onun komandaya uyğunlaşması var. Biz təxmin edə bilərik ki, böyük təcrübəsi var. Amma əgər böyük futbola davam edəcəksə, elə böyük klublarda qalardı də. Bura gəlib kömək edə bilməsə, nə olacaq? Məsələnin bu tərəfi də var".
Futbol eksperti Emin Abbasovun fikrincə, indiki halda Hondanın "Neftçi"yə faylı olub-olmayacağını söyləmək çətindir:
"Hər şeydən qabaq Hondanı iş başında görməliyik. Premyer Liqada özünü necə hiss edəcək, komanda yoldaşları onu necə qəbul edəcək, baş məşqçi Samir Abasovla işbirliyi necə alınacaq və sair. Kimin üçünsə bunlar kiçik nüanslar kimi görünə bilər, amma futbolda bəzən böyük hədəflər kiçik çatışmazlıqlara görə əldən gedir.
Təbii ki, Honda kimi adlı-sanlı oyunçunun Azərbaycana gəlişi ilk növbədə futbolumuz adına yaxşı piardır. Doğrudur, bir neçə il əvvəl ondan daha zəngin karyeraya malik Maykl Essyen də çempionatımıza gəlmişdi. Amma meydana çıxdığı oyunlara baxanda da görürdük ki, Essyenin futbolu çoxdan qurtarmışdı. Bu baxımdan Hondanın durumu fərqlidir. Yapon futbolçu Braziliyada hər nə qədər ümidləri doğrultmasa da, A Seriyasında mütəmadi oyun praktikasına sahib olub. Yəni, Azərbaycana "ölü" vəziyyətdə gəlməyib. Yəqin ki, mənzərəni tam anlamaq üçün bir az gözləmək lazım olacaq".
Futbol eksperti Erkin İbrahimov isə deyib: "Düşünürəm ki, Samir Abasov ulduzlarla barışacaq məşqçi deyil.
Məşqçi var ki, Ançelotti kimi, həmişə ulduzlarla çalışıb, məşqçi də var ki, misal üçün, ulduzlar "Anji"yə gələndə elə məşqlər keçirdi ki, Roberto Karlosla Samuel Eto'o klub prezidentinə baş məşqçidən narazılıq bildirmişdilər. İndi də onu demək olar ki, Samir Abasov Honda işləməyə hazırdır? Onunla dil tapa biləcəkmi? Və ya o, Samir Abasovda elə bir məşqçi ruhunu görəcəkmi ki, ona itaət edəcək, nəsə öyrənəcək. Bir tərəfdən baxanda isə onu görürük ki, Azərbaycana heç vaxt oynayan-məşqçi gəlməyib. Honda Komboca millisinin baş məşqçisidir. Pis məşqçi də deyil, istər-istəməz Samir Abasovun verdiyi məşqləri beynində analiz edəcək ki, bu düzdür, ya düz deyil. Amma onun faydasını bilmək üçün gözləməliyik. Yapon futbolçudur, formasını qoruyur. Ona sırf bu gözlə baxılsa ki, gəlib komandanı çempion etməlidir, Hondanın özünə də çətin olar. Belə götürəndə Honda dünyanın bir nömrəli ulduzu olmayıb, ən yaxşı klubu "Milan" olub. "Milan"da elə bir vaxtda oynayıb ki, bəziləri ordan uzaqlaşandan sonra heç Türkiyədə oynaya bilmədilər. Həmin vaxt ancaq adı qalmışdı. Niderlandda isə nə "Ayaks", nə də PSV-də oynayıb. Deməyim odur ki, bu adam Essyen deyil, heç Mpenza da deyil. Sadəcə olaraq, Azərbaycan üçün üstün futbolçudur. Son mövsümünü də yaxşı keçirib. Formadadırsa, komandaya kömək edəcək. Məncə, Saman Nərimancahandan daha faydalı olacaq. Bir futbolçunun komandanı çempion etməsi real deyil".